AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə onlayn müşavirə keçirilib.
Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının idarə və şöbələrinin rəhbərləri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan akademik Ramiz Mehdiyev koronavirusla mübarizədə vaxtında qətiyyətli addımlar atmış ölkə Prezidenti İlham Əliyevə elmi ictimaiyyət adından dərin minnətdarlığını bildirib. O, fəaliyyətini karantin rejiminin tələblərinə uyğunlaşdıran AMEA-da pandemiya dövründə bir sıra onlayn elmi tədbirlərin, beynəlxalq videokonfransların keçirildiyini, distant təhsilin uğurla davam etdirildiyini bildirib. AMEA rəhbəri koronavirusdan qorunma üsulları ilə bağlı Azərbaycan alimlərinin televiziya kanallarında, çap və elektron mediada müsahibə və çıxışlar etməsini, məlumat xarakterli materiallar dərc etdirməsini təqdirəlayiq hal kimi dəyərləndirib.
Akademik Ramiz Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, tövsiyə və tapşırıqlarına əməl etməyin vacibliyini diqqətə çatdırıb. Alim bundan sonra da onlayn konfranslara geniş yer verilməsi, elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılması və müxtəlif elm sahələrinin bir-birilə inteqrasiyasının genişləndirilməsinin əhəmiyyətindən danışıb, karantin rejimindən sonra AMEA-nın qarşısında duran vəzifələrdən bəhs edib.
Tədbirdə AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov və İşlər idarəsinin müdiri, texnika elmləri doktoru, professor Elton Məmmədov hesabat xarakterli onlayn çıxışlarında karantin günlərində keçirilən beynəlxalq videokonfranslar, pandemiya dövründə müxtəlif elmi istiqamətlər üzrə aparılan elmi-tədqiqat işləri barədə məlumat verib, görüləcək işlərə dair təkliflərini səsləndiriblər.
Sonra çıxış edən AMEA Rəyasət heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və Elm və təhsil idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov Azərbaycanda elan olunmuş karantin rejimində akademiyanın beynəlxalq əlaqələri və magistrantların distant təhsili barədə danışıblar.
Onlayn müşavirənin sonunda akademik Ramiz Mehdiyev karantin rejimindən sonrakı mərhələdə Azərbaycan alimlərinin qarşısında duran vəzifələrdən söz açıb, postpandemiya dövründə elmin yeni prioritet sahələrinin müəyyənləşdirilməsinə dair təkliflərin hazırlanması ilə əlaqədar müvafiq tapşırıqlar verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.