Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Sabahın alimləri” yeddinci respublika müsabiqəsinin açılış mərasimi olub
14.02.2018 15:04
  • A-
  • A
  • A+

“Sabahın alimləri” yeddinci respublika müsabiqəsinin açılış mərasimi olub

Fevralın 14-də “Sabahın alimləri” yeddinci respublika müsabiqəsinin açılış mərasimi olub.

Müsabiqənin keçirilməsinin məqsədi yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Tədbirdə təhsil nazirinin vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov müasir təfəkkürlü və yaradıcı düşüncəli gənclərin bilik və bacarıqlarının üzə çıxarılmasında, onların yüksək standartlara uyğun tədqiqatçı–mütəxəssis kimi formalaşmasında müsabiqənin mühüm rolundan danışıb. Qeyd edilib ki, təhsil sahəsində aparılan dövlət siyasəti ölkəmizə xidmət edəcək geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib. Təhsilalanların tədqiqat aparmaları, yeni informasiya texnologiyalarından istifadə etmələri və xarici dilləri öyrənmələri üçün geniş imkanlar yaradılıb. Bu baxımdan təhsilin strateji hədəflərindən biri də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq gənclərin potensialının inkişaf etdirilməsidir. Ölkəmizdə artıq yeddinci dəfədir ki, keçirilən “Sabahın alimləri” müsabiqəsi gənclərin diqqətini yaşadığımız mühitdəki problemlərə və onların həllinə yönəldir. Eyni zamanda, bu müsabiqə innovativ fikir yarışmasıdır və gəncləri yeni bilik, yaxud innovativ məhsulun yaradılmasına sövq edir.

Bildirilib ki, builki yarışmaya 22 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 528 şagird 336 layihə ilə müraciət edib, Elmi Ekspertiza Komissiyasının qərarına əsasən, onlardan 260-ı 150 elmi layihə ilə müsabiqəyə qatılıb.

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: