Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Akif Əlizadə: "Xalqımız Azərbaycanın işıqlı gələcəyinə, demokratik inkişafına səs verdi"
12.04.2018 10:37
  • A-
  • A
  • A+

Akademik Akif Əlizadə: "Xalqımız Azərbaycanın işıqlı gələcəyinə, demokratik inkişafına səs verdi"

Yeni Azərbaycan Partiyasının sədr müavini, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin ölkə Prezidenti seçilməsi münasibətilə keçirilən “İlhamla irəli” bayram konsertindəki çıxışı:

Hörmətli tədbir iştirakçıları!

Əziz xanımlar və cənablar!

Bu gün ölkəmizin yalnız siyasi həyatında deyil, bütövlükdə ictimai həyatında olduqca əlamətdar, hətta mən deyərdim ki, tarixi bir gündür. Bütün xalqımız bayram əhval-ruhiyyəsindədir.

Müdrik və qədirbilən Azərbaycan xalqı növbəti dəfə tarixi bir seçim etdi. Mürəkkəb  siyasi və iqtisadi reallıqlarla müşahidə olunan müasir şəraitdə sabitliyə, inkişafa, sosial-iqtisadi və mədəni-mənəvi tərəqqiyə, demokratik dəyərlərə - İlham Heydər oğlu Əliyevə səs verdi. Xalqımız bir daha sübut etdi ki, Azərbaycan dövlətini və cəmiyyətini intellektin və mənəvi dəyərlərin işığında gələcəyə apara biləcək ən layiqli insan İlham Əliyevdir! Azərbaycan xalqı seçkilərdə birmənalı mövqeyini ortaya qoymaqla onu da sübut etdi ki, İlham Əliyevin liderliyi ilk növbədə zamanın tələbi, xalqın təkididir!

Bu böyük və tarixi qələbə münasibətilə bütün xalqımızı ürəkdən təbrik edirəm.

Qeyd etdiyim kimi, bu böyük tarixi qələbəyə bütün xalqımız sevinir. Lakin Azərbaycan ziyalıları, respublikamızın intellektual elitası bu gün xüsusilə qürur və sevinc hisləri yaşamaqdadır. Çünki bu qələbə siyasi liderin fərdi uğuru, şəxsi nailiyyəti olmaqdan daha çox, mən deyərdim ki, xalqın öz tarixi taleyi qarşısında milli məsuliyyətinin və vətəndaş cavabdehliyinin göstəricisidir.

Bu qələbə həm də Yeni Azərbaycan Partiyasının qələbəsidir. Öz fəaliyyəti ərzində həyata keçirdiyi missiyanın ümummilli miqyası baxımından Yeni Azərbaycan Partiyasının fəaliyyətini yalnız siyasi hadisə kimi dəyərləndirmək doğru olmazdı. Partiyamız xalqımızın bütün təbəqələrini, xüsusən çoxsaylı ziyalıları öz ətrafında birləşdirən  ümummilli  hərəkat olaraq meydana gəlmişdir. Bu partiya 30 ilə yaxın bir müddətdə müstəqil Azərbaycanla birgə addımlamış, onunla eyni uğur, tərəqqi və inkişaf taleyi yaşamışdır! Yeni Azərbaycan Partiyası liderinin  növbəti dəfə prezident seçilməsi onu sübut etdi ki, partiya bu gün də Azərbaycanın sabaha uzanan yollarına işıq salmaqdadır!  

Son illərdə ölkəmizdə irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, o cümlədən, tarixi İpək Yolunun bərpası, Avropa ilə Asiyanı birləşdirən ən qısa və etibarlı marşrutun – Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı, Azərbaycanda 2 milyard ton neftin hasil edilməsi ölkəmizin qlobal səviyyədə mühüm rolunun getdikcə yüksəldiyini bir daha sübut edir. Bütün bunlar onu göstərir ki, İlham Əliyevin rəhbərliyilə həyata keçirilən uğurlu dövlət siyasəti hesabına “neft kapitalının intellektual kapitala çevrilməsi” strategiyası uğurla reallaşdırılmışdır. Hazırda Azərbaycan regionun lider dövləti statusuna yüksəlmişdir. Əhalinin sosial rifahının yüksəldilməsi, daxili sabitlik və təhlükəsizliyin təmin olunması, ölkəmizin müdafiə qüdrətinin möhkəmləndirilməsi, həmçinin elm, təhsil və mədəniyyət sahələrində görülən işlər bu inkişafın bariz göstəriciləridir.

Hörmətli tədbir iştirakçıları!

Cənab Prezidentimiz İlham Əliyev bütün sferalarda olduğu kimi, dövlətin elm siyasəti sahəsində də uğurlu tədbirlər həyata keçirməkdədir. O, milli sərvətimizin tərkib hissəsi olan  elmi potensialın qorunmasını, inkişaf etdirilməsini dövlət siyasətinin vacib istiqamətlərindən biri hesab edir.

Hörmətli tədbir iştirakçıları!

Heç şübhəsiz ki, İlham Əliyev etnik, milli, dini mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının prezidentidir. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Yəni bu hakimiyyət sizlərin səsi ilə formalaşıb. Sizlərin böyük əksəriyyəti YAP-ın lideri İlham Əliyevə səs vermisiniz. Bu seçiminizə görə sizlərə dərin minnətdarlığımı bildirirəm. Sizlər İlham Əliyevə səs verməklə, həmçinin Azərbaycanın inkişafına, işıqlı gələcəyinə, demokratik inkişaf yoluna, ölkəmizinn sosial-iqtisadi tərəqqisinə səs vermisiniz. 

Bir daha Sizin hamınızı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə ürəkdən təbrik edir, Prezidentimizə Azərbaycan xalqının inkişafına yönəlmiş fəaliyyətində uğurlar arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: