Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi qeyd olunacaq
13.11.2018 10:18
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi qeyd olunacaq

2019-cu ildə AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyi keçiriləcək.

1929-cu ildə “Azneft” Birliyi nəzdindəki Mərkəzi Kimya Laboratoriyası bazasında ilk Azərbaycan Neft Tədqiqat İnstitutu kimi yaradılmış bu elmi müəssisə böyük və şanlı inkişaf yolu keçərək 1959-cu ildən AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu kimi fəaliyyət göstərir.

90 illik fəaliyyəti dövründə institutun alimlərinin elmi işləri Azərbaycanda neft və qazın tədqiqinə, yüksək keyfiyyətli aviasiya və raket yanacaqlarının, yağların alınması məqsədi ilə onların effektiv emalının elmi əsaslarının işlənilməsinə, neft kimyası və neft emalı prosesləri üçün yeni texnologiyalar və katalizatorların yaradılması və digər fundamental tədqiqatların aparılmasına həsr olunub.

Hazırda Neft-Kimya Prosesləri İnstitutunda kimya elmləri sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində mühüm tədbirlər görülür. İnstitutda bugünədək yüzlərlə kitab, monoqrafiya, minlərlə elmi məqalə çap olunub. Bu elmi əsərlərdə yer tapmış yeni ideya və elmi nəticələrə həm respublika, həm də xarici ölkələrin alimləri tərəfindən istinadlar edilir. İnstitutun alimləri respublikanın bir çox ali təhsil ocaqlarında pedaqoji fəaliyyətlə məşğul olur, gənc nəslin intellektual inkişafında fəal iştirak edirlər.

AMEA Rəyasət Heyətinin oktyabrın 24-də keçirilən növbəti iclaslında bu nüfuzlu elmi-tədqiqat ocağının çoxşaxəli fəaliyyətini, Azərbaycan elminə verdiyi töhfələri nəzərə alaraq qərar qəbul edilib. Qərarda institutun 90 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi, yubileylə əlaqədar beynəlxalq konfransın təşkili, eləcə də institutun tarixi və fəaliyyətini əks etdirən kitabın nəşr edilməsi nəzərdə tutulub.

Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevə həvalə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: