Məlum olduğu kimi, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara etdiyi son dəyişikliyə əsasən sentyabr ayının 1-dən bəzi məhdudiyyətlərin tətbiqinə başlanılıb.
Qərara əsasən, dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd edilməsi və ya koronavirusa qarşı immunitet sertifikatının olması tələb olunur.
Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) əməkdaşların vaksinasiya olunmasına nəzarət üçün COVID-19 pasportları yoxlanılır. Yoxlamalar nəticəsində əməkdaşların böyük əksəriyyətinin hər iki doza vaksin qəbul etdiyi müəyyən edilib.
Bununla yanaşı, akademiyaya gələn qonaqların da COVID-19 pasportlarının olmasına nəzarət edilir.
Qeyd edək ki, AMEA-da Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə ciddi şəkildə əməl edilir, əməkdaşlar arasında şəxsi gigiyena qaydalarına riayət etmək, sosial məsafəni gözləmək və tibbi maskadan istifadə etmək barədə maarifləndirmə işləri aparılır.
Həmçinin koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əməkdaşların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə mütəmadi olaraq tibbi-profilaktik və dezinfeksiya işləri həyata keçirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.