Noyabrın 30-da bütün dünya ictimaiyyəti Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününü qeyd edir. Bu günün keçirilməsində əsas məqsəd informasiya təhlükəsizliyi sahəsində mövcud olan problemlərin işıqlandırılması, beynəlxalq ictimaiyyətin diqqətinin kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi məsələlərinə cəlb edilməsi, bu istiqamətdə aparılan tədqiqatlar və əldə olunan nailiyyətlər barədə hesabatların təqdim edilməsidir.
Hər ilin bu günü AMEA-nın müxtəlif qurumlarında, eləcə də İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyinin aktual elmi problemlərinə həsr olunmuş tədbirlər keçirilir.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda bu il də Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş toplantı keçirilib.
Onlayn tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev bildirib ki, müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı ilə bağlı meydana çıxan müxtəlif təhlükələr haqqında məlumatların paylanması onlara qarşı müəyyən tədbirlərin görülməsini zəruri edir. Akademikin fikrincə, bu, bir ölkənin imkanı və gücü xaricində olduğu üçün həmin təhlükələrə qarşı beynəlxalq səviyyədə mübarizə aparmaq məqsədilə müəyyən hüquqi, texnoloji və digər kompleks tədbirlərin görülməsi, kadr hazırlığı, biznes şirkətlərinin, beynəlxalq təşkilatların diqqətinin mövcud problemlərə cəlb edilməsi, yeni baxışların ortaya qoyulması tələbi meydana çıxıb.
Alim son zamanlar texnoloji sistemlərin, kritik infrastrukturların, eləcə də cəmiyyətdə süni intellekt, Big data texnologiyaları, kiberfiziki sistemlərin geniş tətbiq olunmasının yeni reallıqlar yaratdığını diqqətə çatdırıb. Bu səbəbdən sistemlərə olan bütün təhlükələrin lokal deyil, qlobal xarakter daşıdığını söyləyib.
Ölkəmizdə də informasiya təhlükəsizliyi problemləri və onların həllinə böyük həssaslıqla yanaşıldığını deyən akademik dövlət tərəfindən bu sahədə müəyyən addımların atıldığını, milli strategiya layihəsinin hazırlandığını qeyd edib, həmin prosesdə rəhbərlik etdiyi elmi müəssisənin fəal iştirak etdiyini vurğulayıb.
AMEA-nın vitse-prezidenti Azərbaycanın elmi-tədqiqat müəssisələri və ali məktəblərində informasiya təhlükəsizliyi və kibertəhlükəsizliklə bağlı müxtəlif tədqiqatların aparıldığını, son zamanlar süni intellekt texnologiyalarının təhlükəsizliyi məsələsinin xüsusilə aktuallaşdığını bildirib. Qeyd edib ki, artıq ölkəmizdə bu məsələ ilə bağlı müəyyən qurumlar formalaşır, kadrlar yetişdirilir, yeni baxışlar ortaya qoyulur.
Natiq süni intellekt texnologiyalarının cəmiyyətin bütün sferalarında geniş tətbiqi fonunda bu texnologiyaların insan cəmiyyətinə, müəyyən infrastrukturlara, texnoloji sistemlərə, müxtəlif sənaye obyektlərinə böyük təhlükələr yaratdığını da nəzərə çatdırıb.
İnformasiya Texnologiyaları İnstitutunun prioritet elmi istiqamətləri arasında kibertəhlükəsizlik məsələsinin xüsusi yer tutduğunu vurğulayan baş direktor söyləyib ki, bu yaxınlarda NATO-nun dəstəyi ilə keçirilmiş beynəlxalq konfransda kibertəhlükəsizliyin ən aktual problemləri ilə bağlı aparılmış tədqiqatların nəticələri müzakirə olunub.
Akademik diqqətə çatdırıb ki, institutun əsas məqsədi təkcə kibertəhlükəsizlik sahəsində tədqiqatlar aparmaq və məqalə çap etdirmək deyil:
“Biz eyni zamanda cəmiyyətə müntəzəm olaraq bu sahədə baş verən yeniliklər, əldə olunan nailiyyətlərlə bağlı məlumatlar verməliyik. İnstitutun əməkdaşları kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə cəmiyyətin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyi ilə bağlı çıxışlar etməli, biliklərini populyarlaşdırmalı, kibertəhlükəsizlik mədəniyyətinin formalaşması ilə bağlı maarifləndirmə işləri aparmalıdırlar”.
Akademik son illər ərzində institutun kibertəhlükəsizlik sahəsində çox sayda yüksək keyfiyyətli elmi məqalələrinin tanınmış beynəlxalq jurnallarda çap olunduğunu, seminar və konfransların keçirildiyini, kadr hazırlığı məsələlərinin diqqət mərkəzində saxlanıldığını bildirib.
“İnformasiya Texnologiyaları İnstitutu kibertəhlükəsizliyin müxtəlif aspektləri ilə bağlı tədqiqatlar aparır, eləcə də ölkəmizdə kibertəhlükəsizlik sahəsində siyasətin formalaşmasında və bu siyasətdən irəli gələn vəzifələrin həyata keçirilməsində fəal iştirak edir”, - deyə R.Əliquliyev əlavə edib.
Baş direktor toplantıda institutun kibertəhlükəsizliklə bağlı tədqiqatlar aparan alim və mütəxəssislərinin əldə etdikləri nailiyyətlər, mövcud problemlər və perspektivdə görüləcək işlərə dair məruzələrlə çıxış edəcəklərini diqqətə çatdırıb.
Sonra toplantıda AzScienceNet Şəbəkə İdaretmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev “Industry 4.0 çağırışları kontekstində kiberinsidentlərin intellektual analizi problemləri və həlli perpektivləri”, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev “Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyinin monitorinqi”, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat “Kiberfiziki sistemlərdə anomaliyaların aşkarlanması üçün İerarxik gizli Markov modelinə əsaslanan yanaşma”, institutun əməkdaşı, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva “Bulud xidmətlərinə olan kiberhücumların aşkarlanması üçün əlamətlərin ranklaşdırılması üsulu”, institutun magistrantı Rəşad İbrahimov isə “Pilotsuz uçuş aparatlarının audio və vizual əlamətlər əsasında aşkarlanması üsulları” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, hər bir çıxışa dair geniş fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.