Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

REA-nın vitse-prezidenti: “İki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişafında alimlərimizin böyük rolu var”
30.11.2021 16:27
  • A-
  • A
  • A+

REA-nın vitse-prezidenti: “İki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişafında alimlərimizin böyük rolu var”

“Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişafında alimlərimizin böyük rolu vardır.

Bu fikirləri Rusiya Elmlər Akademiyasının (REA) vitse-prezidenti, akademik Yuriy Baleqa REA-nın prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyətinin noyabrın 26-da respublika elmi ictimaiyyəti ilə görüşündə səsləndirib.  

Y.Baleqa REA nümayəndə heyətinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə görüşündən bəhs edərək həmin görüşün iki ölkə arasında elmi əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını bildirib.

REA-nın vitse-prezidenti elmi ictimaiyyətin ölkənin gələcəyinin memarları olduğunu qeyd edib, hər iki ölkə elminin bir çox ortaq cəhətlərə malik olduğunu diqqətə çatdırıb. O, elmin cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olduğunu qeyd edərək son illər bütün dünyada elmin, yeni texnologiyaların inkişafına böyük diqqət yetirildiyini vurğulayıb.

Y.Baleqa bildirib ki, REA və AMEA arasında imzalanmış “Elm, innovasiya və təhsil sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Yol Xəritəsi” iki qurum arasında qabaqcıl elmi və texnoloji istiqamətlər üzrə fəaliyyətləri intensivləşdirmək və genişləndirmək perspektivlərinə malik olmaqla yanaşı, REA və AMEA institutlarının konkret istiqamətlər üzrə qarşılıqlı əlaqələrinin həyata keçirilməsini nəzərdə tutur.

Çıxışının sonunda Y.Baleqa iki ölkənin gələcək inkişafı üçün müştərək fəaliyyət göstərməyin zəruriliyinə toxunub, alimlərimizə fəaliyyətlərində uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: