AMEA-nın Azad Həmkarlar İttifaqı (AHİ) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbiri giriş sözü ilə AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov açaraq iclasın gündəliyi barədə iştirakçılara məlumat verib.
O, çoxillik səmərəli fəaliyyəti, eləcə də 70 illik yubileyi münasibətilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Mineral gübrələr laboratoriyasının müdiri, həmin institutun Həmkarlar Təşkilatının sədri, aqrar elmlər doktoru Məmməd Məmmədovun AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunduğunu diqqətə çatdırıb.
H.Qurbanov alimin elmi və ictimai fəaliyyətindən, onun aqrar sahədəki xidmətlərindən söz açıb. O, Məmməd Məmmədovun bu yaxınlarda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi üzrə Beynəlxalq Elmlər Akademiyasının ekologiya ixtisası üzrə həqiqi üzvü seçildiyini bildirib.
Alimi 70 illik yubileyi münasibətilə təbrik edən AHİ sədri ona gələcək fəaliyyətində uğurlar arzulayıb və Fəxri fərmanı Məmməd Məmmədova təqdim edib.
Yubilyar əməyinə verilən yüksək qiymətə görə AHİ sədri Habil Qurbanova minnətdarlığını bildirib.
Daha sonra iclasda 20 Yanvar faciəsinin Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edən professor Habil Qurbanov bildirib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına və Mixail Qorbaçovun qərəzli siyasətinə qarşı küçə və meydanlara çıxan dinc əhaliyə qanlı divan tutulub, xalqımızın azadlıq istəyini boğmağa cəhd ediblər. Yüzlərlə mülki şəxsin öldürülməsinə, yaralanmasına və həbs olunmasına baxmayaraq, xalqımızın azadlıq ruhunu sındıra bilməyiblər.
AHİ sədri qeyd edib ki, 1990-cı il yanvarın 21-də xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləyib, qətliamın başvermə səbəblərini açıqlayıb, təşkilatçıların, günahkarların adlarını cəsarətlə dünyaya bəyan edib. 20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verilib.
O, hər bir azərbaycanlıda qürur hissi oyadan, 1990-cı il 20 Yanvar tarixində ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş insanların xatirəsinin heç vaxt unudulmayacağını, xalqımızı daha da birləşdirən bu faciənin gələcək nəsillər tərəfindən hər zaman anılacağını, Qanlı Yanvarın Azərbaycan xalqının mübarizliyini və qəhrəmanlığını təcəssüm etdirdiyini bildirib.
Azərbaycanda şəhid ailələrinə dövlətimiz tərəfindən daim yüksək diqqət və qayğı göstərildiyini deyən sədr onların sosial təminatının yaxşılaşdırıldığını, dövlət tərəfindən həm maddi, həm də mənəvi dəstək göstərildiyini, 20 Yanvar şəhidlərinin ailələrinə humanitar yardımların edildiyini diqqətə çatdırıb.
Habil Qurbanov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın qələbə əzmi və müzəffər ordumuzun döyüş meydanında göstərdiyi rəşadəti sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edildiyini vurğulayıb.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işlərinin aparıldığını, milli iqtisadiyyata sürətli inteqrasiyasının təmin edildiyini, 30 ilə yaxın düşmən əsarətində qalan və erməni vandalizmindən əziyyət çəkən torpaqlarımızda nəhəng infrastruktur layihələrin uğurla davam etdirildiyini, eləcə də işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrinin icra olunduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin sədr müavini, kimya elmləri doktoru, professor Raya Nəcəfova və digərləri sovet ordusu tərəfindən bir gecənin içində Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər haqqında danışıblar. Çıxış edənlər həmin gecə elmimizin parlaq nümayəndələrindən sayılan professorlar - İbrahim İbrahimov, İsmayıl Mursaqulov, Svetlana Məmmədovanın şəhid olduğunu, digər alimlər İdris Əhmədov və Parlaq Məmmədovanın isə ağır yaralandığını bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.