Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2022 12:47
  • A-
  • A
  • A+

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağının 2022-ci il üzrə ilk iclası keçirilib

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağının 2022-ci il üzrə ilk iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının cari il üzrə ilk onlayn iclası keçirilib.

Tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, FRTEB-in elmi müəssisələrinin baş və icraçı direktorları, elmi katibləri, təhsil, ictimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr şöbələrinin rəhbərləri iştirak ediblər.

İclasın əvvəlində 1992-ci ildə törədilmiş dəhşətli Xocalı soyqırımında həyatını itirən həmvətənlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra AMEA-nın vitse-prezidenti, FRTEB-in Ümumi yığıncağının sədri, akademik Rasim Əli­quliyev çıxış edərək 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələri diqqətə çatdırıb. Sərəncamın tarixi mahiyyəti, mədəni-mənəvi dəyəri və strateji əhəmiyyətini vurğulayan akademik Rasim Əliquliyev “Şuşa İli” ilə əlaqədar olaraq Humanitar Elmlər Bölməsində AMEA-nın digər elmi bölmə və təşkilatlarının təklifləri də nəzərə alınmaqla müvafiq Tədbirlər planının hazırlandığını, planın icrasından irəli gələn məsələlərin həlli ilə bağlı elmi müəssisələrin qarşısında mühüm vəzifələrin qoyulduğunu söyləyib. Akademik Rasim Əliquliyev FRTEB-in elmi müəssisələrini “Şuşa ili” çərçivəsində dövlətin elm qarşısında müəyyənləşdirdiyi vəzifə və tapşırıqların icrasında intellektual səfərbərliyə çağırıb.

AMEA Rəyasət Heyətinin “AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2021-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunları haqqında” qərarından irəli gələn vəzifələr haqqında məlumat verən akademik Rasim Əliquliyev hesabat ilində FRTEB-də Rəyasət Heyətinin təsdiq etdiyi elmi istiqamətlərdə fundamental və tətbiqi xarakterli tədqiqatların aparıldığını, bir sıra mühüm elmi nəticələrin alındığını qeyd edib.

Akademik R.Əliquliyev AMEA Rəyasət Heyətinin fevralın 11-də keçirilən iclasında FRTEB-in 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatının yüksək qiymətləndirildiyini vurğulayıb. O, “AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2021-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunları haqqında” qərarından irəli gələn vəzifələrdən bəhs edərək yeni elmi problemlər və prioritet istiqamətləri diqqətə çatdırıb. Akademik əlavə edib ki, bölməyə daxil olan hər bir elmi müəssisə qarşısında konkret vəzifələr qoyulub, prioritet istiqamətlər müəyyənləşdirilib.

AMEA-nın prezidenti vəzifəsini icra edən, birinci vitse-prezident v.i.e., Fizika İnstitutunun baş direktoru, akademik Arif  Həşimov iclasda çıxış edərək Fizika İnstitutunun yeni strukturu, bu elmi müəssisənin Elmi şurasının yeni tərkibi, eləcə də bir sıra digər elmi-təşkilati məsələ ilə bağlı məlumatları diqqətə çatdırıb.

Daha sonra bölmənin iclasında 2023-cü ildə Bakı şəhərində keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində FRTEB-in elmi müəssisələrinin iştirakı haqqında məsələ müzakirə olunub. Məsələ ilə bağlı fikirlərini bölüşən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Cavad Abdinov 1973-cü ildə 24-cü Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirildiyini xatırladıb.

Ölkəmizdə müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlərin əldə edildiyini vurğulayan akademik uğurlu peyk layihələri sayəsində Azərbaycanın dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazandığını bildirib.

Akademik 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını da xatırladıb. O, dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu beynəlxalq konqresin ikinci dəfə Azərbaycanda keçirilməsinin ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacağına əmin olduğunu deyib, bu konqresdə FRTEB-in elmi müəssisələrinin yaxından iştirakının zəruriliyini önə çəkib.

FRTEB-in elmi müəssisələrinin bəzi xarici ölkələrlə əməkdaşlıq əlaqələrinin qurulması haqqında akademik Rasim Əliquliyev məlumat verib. O, FRTEB-in alim və mütəxəssislərini, xüsusilə də gəncləri Hindistan, Polşa, Pakistan və Slovakiya kimi ölkələrlə prioritet elmi sahələrdə multidissiplinar tədqiqatların aparılması, birgə layihələrin icrası, eləcə də kadr və təcrübə mübadiləsinin təşkilinə dair təkliflər verməyə və müvafiq proqramlarda iştirak etməyə dəvət edib.

26-29 may 2022-ci il tarixlərində Bakı şəhərində keçiriləcək “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalında FRTEB-in elmi müəssisələrinin iştirakı ilə bağlı çıxış edən  akademik Rasim Əliquliyev “Teknofest”in artıq 5-ci ildir ki, minlərlə istedadlı gənci bir araya topladığını bildirib. R.Əliquliyev qardaş Türkiyə Respublikasının məsul qurumlarının böyük dəstəyi ilə təşkil olunan festivalın ən son trend və texnologiyalar ilə tanış olmaq, gənclərin karyera imkanlarını genişləndirmək və İKT sahəsində qlobal birliyin üzvü olmaq kimi bir sıra imkanlar yaratdığını vurğulayaraq, FRTEB-in elmi müəssisələrinin “Teknofest”də yaxından və fəal iştirak etməli olduğunu qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2021-il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası vəziyyəti haqqında məlumatı AMEA-nın vitse-prezidentinin xidmətinin elmi katibi,  dosent Hikmət Quliyev nəzərə çatdırıb.

H.Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının birgə qərarı ilə təsdiq edilmiş professor Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Tədbirlər planı çərçivəsində ilə ərzində, alimin həyat və yaradıcılığına həsr olunmuş 25 elmi tədbir və 2 beynəlxalq konfransın keçirildiyini, 12 elmi populyar məqalənin nəşr olunduğunu, 10 televiziya müsahibəsinin, ümumilikdə 350-dən artıq xəbərin yayımlandığını deyib.

O, müvafiq sərəncamdan irəli gələn vəzifələrin icrası çərçivəsində görülən digər tədbirlərdən, o cümlədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Texniki-humanitar liseyə Lütfi Zadənin adının verilməsi,  Bakı şəhərində yaşadığı binaya (Əlövsət Quliyev küçəsi, 79) xatirə lövhəsinin vurulması, alimin adına poçt markasının hazırlanması, “Applied and Computational Mathematics” və “TWMS Journal of Pure and Applied Mathematics” jurnallarının L.Zadənin 100 illiyinə həsr edilmiş xüsusi buraxılışlarının nəşri, Zadənin anadan olmasının 100 illiyi və elmi irsinə həsr olunmuş Soft Computing üzrə 8-ci Ümumdünya Konfransı keçirilməsi, məktəblilər arasında bey­nəlxalq riyaziyyat və informatika, eyni zmanda məntiq olim­piadalarının keçirilməsi, “Professor Lütfi Zadə” adı­na  təqaüdün təsis edilməsi, multimedia resurslarının hazırlanaraq İnternetdə yerləşdirilməsi, real və virtual sərgilərin təşkili və s. kimi məsələlərdən bəhs edib. 

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov rəhbərlik etdiyi elmi müəssisənin yeni strukturu, institutun laboratoriya müdiri vəzifələrinə seçkilərin nəticəsi, əyani doktorant Bəyaz Bağırzadəyə möhlət verilməsi, eləcə də dissertant Vüqar Haqverdiyevin fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzusu və elmi rəhbərinin dəyişdirilməsi haqqında məlumatları təqdim edib.

AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov öz çıxışında rəhbərlik etdiyi institutun şöbə müdiri, riyaziyyat elmləri doktoru Vüqar İsmayılovun “Ridge funksiyaları və onların neyron şəbəkələrdə tətbiqləri” adlı monoqrafiyasının Amerika Riyaziyyat Cəmiyyəti tərəfindən çap edildiyini bildirib. Məruzəçi vurğulayıb ki, Amerika Riyaziyyat Cəmiyyətinin 1943-cü ildən başlayaraq çap etdiyi 265 kitab monoqrafiya seriyasında indiyə qədər kitab müəllifləri arasında Zaqafqaziya, Orta Asiya və ya hər hansı müsəlman ölkəsində fəaliyyət göstərən alimin adı yer almamışdır.

O, həmçinin görkəmli riyaziyyatçı alim, akademik İbrahim İbrahimovun adının əbədiləşdirilməsi üçün vəsatət qaldırılması və riyaziyyat üzrə fəlsəfə doktoru Tamilla Həsənovanın 70 illik yubileyi haqqında məlumatları diqqətə çatdırıb.

Akademik Fikrət Əliyev tanınmış riyaziyyatçı alim, AMEA-nın müxbir üzvü Vaqif Quliyevin 65 illik yubileyi haqqında qərarı təqdim edib. Alimin mühüm nailiyyətlərinə, o cümlədən, 2 monoqrafiya və yüksək impakt faktorlu jurnallarda dərc olunan 250 məqaləsinə (onlardan 180-ni  WoS-dadır), WoS-da 1600, Google Scholar-da 4250, MathSciNet-də 1400 istinadına diqqəti cəlb edən akademik F.Əliyev AMEA-nın müxbir üzvü V.Quliyevin yüksəkixtisaslı kadr hazırlığı işində də yaxından iştirak etdiyini, 4 elmlər və 20 fəlsəfə doktoru yetişdirdiyini vurğulayıb. Qeyd olunanları nəzərə alaraq, FRTEB-in Ümumi yığıncağı AMEA-nın müxbir üzvü V.Quliyevin təltif edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edib.

AMEA-nın Radiasiya Problemləri İnstitutunun (RPİ) baş direktoru, AMEA-nın müxbir üz­vü İslam Mustafayev rəhbərlik etdiyi elmi müəssisənin laboratoriya müdiri vəzifələrinə seçkilərin nəticəsi, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və institutun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Rövşən Xəlilovun 70 illik, laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə doktoru Hökmən Mahmudovun isə 60 illik yubileyinin təşkili ilə bağlı qəbul edilmiş qərarlardan danışıb. Qeyd olunan yubileylərlə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını təklif edib.

İ.Mustafayev RPİ-nin elmi işçisi Samir Səmədovun Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (Dubna) ezam edilməsi və Kimyaxanım Baxışovanın AEBA-nın “Tətbiqi radiobiologiya və radioterapiya” internship proqramında iştirak üçün ezam edilməsinə dair vəsatəti təqdim edib.

Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov rəhbəri olduğu institutun təşkilatçılığı ilə 2022-ci ilin may ayında “İnsan proteomasının qaranlıq tərəfi: xərçəng, neyrodegenerativ xəstəliklər və onlar ətrafında” mövzusunda ümumrespublika seminarının keçirilməsindən bəhs edib.

İclasda, həmçinin akademik Rasim Əliquliyev AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri və mərkəz rəhbərləri vəzifələrinə seçkilərin nəticələrini diqqətə çatdırıb. AMEA FRTEB-in Ümumi yığıncağı seçkinin nəticələrini təsdiq edib.

Sonda FRTEB və onun elmi müəssisələrinin qarşısında duran müxtəlif cari məsələlərin həlli istiqamətində geniş fikir mübadiləsi aparılıb, Bölmənin elmi müəssisələrində əldə olunan nailiyyətlərin geniş müzakirəsinə dair müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: