Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Yüksək Texnologiyalar Parkının “Teknofest Azərbaycan”da nümayiş olunacaq dronları ilkin sınaqlardan uğurla keçib
04.04.2022 14:48
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkının “Teknofest Azərbaycan”da nümayiş olunacaq dronları ilkin sınaqlardan uğurla keçib

AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiyalar Parkı” MMC-nin istehsal etdiyi yerli pilotsuz uçuş aparatları Bakıda “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində keçiriləcək sərgidə nümayiş olunacaq.

Bu barədə “Xəzər” televiziya kanalında süjet yayımlanıb.

Süjetdə “Elm və Texnologiyalar Parkı” MMC-nin baş direktoru Zahir Nəsibov bildirib ki, hazırda həmin dronların təkmilləşdirilməsi istiqamətində işlər görülür.

“Elm və Texnologiyalar Parkı “Teknofest Azərbaycan” sərgisində aqrar texnologiyalar sahəsi üzrə təmsil olunacaq”, - deyə bildirən baş direktor bu dronlarda tətbiq olunan texnologiyanın Azərbaycan üçün yenilik təşkil etdiyini qeyd edib.

Z.Nəsibovun sözlərinə görə, rezident tərəfindən təqdim olunan həll xüsusi spektral kameralar vasitəsilə torpağın analizi və bitkilərin böyüməsinin öyrənilməsini nəzərdə tutur.

Süjetdə “Elm və Texnologiyalar Parkı” MMC-nin pilotsuz uçuş aparatları üzrə baş mütəxəssisi Nadir Babaxanov qeyd edib ki, bu texnologiya sayəsində həm şumluq sahələrin, həm də bitki örtüyü olan ərazilərin monitorinqini aparmaq mümkündür. Texnologiya, həmçinin torpağın münbitliyinin qorunmasına və məhsuldarlığın artmasına şərait yaradacaq.

Süjetdə bildirilib ki, dron artıq əkin sahələrində ilkin sınaqlardan uğurla keçib və yüksək nəticələr göstərib. Bu aparatların havada qalma müddəti 50 dəqiqə, sürəti 70 km saat təşkil edir. Uçuş məsafəsi isə 60 km-ə qədər avtonom, 20 km-ə qədər əl ilə idarə edilə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: