Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

13.05.2022 21:00
  • A-
  • A
  • A+

Akademik Arif Həşimov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin həqiqi və müxbir üzvləri ilə görüşüb

Akademik Arif Həşimov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin həqiqi və müxbir üzvləri ilə görüşüb

Mayın 12-də AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov Akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin həqiqi və müxbir üzvləri ilə görüşüb.

Görüş Akademiyanın 27 aprel 2022-ci il tarixli Ümumi yığıncağının davamı olaraq baş tutub.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov açaraq bundan öncə bir sıra bölmələrin üzvləri ilə görüşlərin keçirildiyini və Akademiyanın gələcək inkişafına təkan verə biləcək təkliflərin səsləndirildiyini söyləyib. Ümumi yığıncağın davamı olaraq keçirilən görüşün önəminə toxunan akademik təkliflərin ümumiləşdirilərək yekunda qərar layihəsinə salınacağını diqqətə çatdırıb.

AMEA rəhbəri bölmə üzvlərini Akademiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə hədəflənmiş görüşdə aktiv olmağa çağırıb, mövcud imkanlar çərçivəsində görülə biləcək işlərə dair təkliflərini dinləməyə hazır olduğunu deyib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev qeyd edib ki, görüşün keçirilməsində məqsəd AMEA-nın fəaliyyətinin təkmilləşdirilməsi, islahatlarla bağlı təkliflərin dinlənilməsi və gələcək yol xəritəsinin müəyyənləşdirilməsidir. O bildirib ki, AMEA-nın Ümumi yığıncağına qədər də akademik Arif Həşimovun iştirakı ilə elmi müəssisə və təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirilib, obyektiv problemlər, büdcədənkənar gəlirlərin artırılması, innovativ fəaliyyətin genişləndirilməsi və s. istiqamətlərdə geniş müzakirələr aparılıb.

Akademik Rasim Əliquliyev görüşün əhəmiyyətli olduğunu və demokratik prinsiplər əsasında təşkil edildiyini bildirib, səsləndiriləcək və yazılı şəkildə veriləcək istənilən fərdi və kollektiv təkliflərin toplanılaraq ətraflı şəkildə təhlil edildikdən sonra Rəyasət Heyətinə təqdim olunacağını vurğulayıb.

Bu gün Milli Elmlər Akademiyasının fəaliyyətindəki mövcud problemlərə toxunan akademik Rasim Əliquliyev ilk növbədə problemin elmin idarəetməsinin təşkilindən və koordinasiyasından qaynaqlandığını, kadr məsələsində də ciddi problemlərin yarandığını deyib, xüsusilə Rəyasət Heyəti aparatında işçilərin say həddinin çox olduğunu bildirib. O, ümumilikdə Rəyasət Heyəti aparatının strukturunda problemlərin mövcudluğunu qeyd edib və işçilərin attestasiyasının ilk olaraq Rəyasət Heyəti aparatından başlanılmalı olduğunu vurğulayıb.

Bundan əlavə, gələcəkdə elmi müəssisə və təşkilatların baş direktorları vəzifəsinə təyinatın elmi ictimaiyyətin müzakirəsi əsasında və etimadı doğrultmuş şəxslərdən seçilməsini təklif edib.

Həmçinin elmə dövlət sifarişinin verilməsinin milli intellektual potensiala dəstək olacağını, nəticədə bu istiqamətdə respublikamızın xaricdən asılılığını azaldacağını deyib. O, dövlət müəssisələrinin elmə olan tələbatının müəyyənləşdirilməsi və təşkili mexanizmi məqsədilə normativ hüquqi sənədə ehtiyac olduğunu vurğulayıb.

Tədbirdə daha sonra çıxış edən akademiklər Cavad Abdinov, Nazim Məmmədov, Əli Abbasov, Adil Qəribov, Fikrət Əliyev, AMEA-nın müxbir üzvləri Misir Mərdanov, Oktay Qasımov, İslam Mustafayev, Vəli Hüseynov, Namiq Cəlilov, Afiq Həsənov və Ramiz Alıquliyev mövcud problemlərə toxunub, AMEA-nın fəaliyyətinin təkmilləşdirilməsi və s. ilə bağlı təkliflərini səsləndiriblər.

Sonda çıxış edən akademik Arif Həşimov səsləndirilən təkliflərə münasibətini bildirib, verilən təkliflərin Rəyasət Heyətinin iclasında müzakirəyə çıxarılacağını diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: