Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA YTP və STEPI-nin birgə icra etdiyi layihə ilə bağlı onlayn mühazirə dinlənilib
19.05.2022 14:12
  • A-
  • A
  • A+

AMEA YTP və STEPI-nin birgə icra etdiyi layihə ilə bağlı onlayn mühazirə dinlənilib

Mayın 18-də AMEA Yüksək Texnologiyalar Parkı (YTP) və Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) birgə icra etdiyi “AMEA YTP-nin istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi çərçivəsində “Dövlət tədqiqat institutları və texnologiyaların kommersiyalaşdırlması” mövzusuna həsr olunmuş onlayn seminar keçirilib.

Tədbirdə Koreya Milli Mühəndislik Akademiyasının üzvü, Koreya Elm və Texnologiya və Koreya Sənaye İqtisadiyyatı və Ticarət İnstitutlarının elmi işçisi, Koreya İnnovasiyalar Cəmiyyətinin prezidenti, Koreyanın Gyeongsang Milli Universitetinin (GNU) professoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Jong-Bok Park mövzuya dair çıxış edib. O, Koreyada dövlət tərəfindən maliyyələşdirilən tədqiqat institutlarının fəaliyyət mexanizmi, texnologiyaların transferi və kommersiyalaşdırılması proqramları, alim və mütəxəssislərin kommersiyalaşdırılmadan əldə etdiyi gəlirlər və tədqiqat institutları ilə bağlı Koreya təcrübəsindən bəhs edib, çoxsaylı sualları cavablandırıb.

Seminarda layihənin koordinatoru Bünyamin Seyidov həyata keçirilən işlər çərçivəsində texnologiyaların transferi və kommersiyalaşdırılması üzrə onlayn platformanın yaradılması haqqında məlumatı diqqətə çatdırıb. Bildirib ki, sözügedən platforma elmi-tədqiqat müəssisələrinin, alim və mütəxəssislər, əqli mülkiyyət sahibləri, biznes yönümlü intellektual yaradıcı insanların sənaye və texnologiyalar parkları, texnoloji transfer mərkəzləri, biznes inkubatorları və bu tipli müəssisələrlə qarşılıqlı fəaliyyətlərinin təmin edilməsinə xidmət etməklə tədqiqat-sənaye əməkdaşlığının güclənməsinə təkan verəcək.

Daha sonra Azərbaycanda müvafiq sahədə həyata keçirilən işlər və mövcud problemlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: