Bu gün Azərbaycan neft geologiyası elminin inkişafında mühüm xidmətləri olan görkəmli alim, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin 75 yaşı tamam olur.
İbrahim Said oğlu Quliyev 1947-ci ildə may ayının 23-də Qırğızıstan Respublikasının Bazar-Kurqan kəndində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Neft Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir.
1978-ci ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1999-cu ildə professor elmi adını almışdır. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir.
İ.Quliyev əmək fəaliyyətinə 1970-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunda böyük laborant vəzifəsindən başlayaraq, ardıcıl olaraq mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, elmi işlər üzrə direktor müavini vəzifələrində işləmişdir. 2013-cü ildə AMEA-nın Rəyasət Heyətinin üzvü və vitse-prezidenti seçilmişdir. 2016-cı ildən 2020-ci ilə kimi AMEA-nın Neft və Qaz İnstitutunun direktoru vəzifəsində çalışmışdır.
Akademik İbrahim Quliyev təbii qazların geologiyası və geokimyası, neft-qaz yataqlarının geologiyası və palçıq vulkanizmi sahələrində tanınmış alimdir. Onun rəhbərliyi və iştirakı ilə qırışıq zonalarının qaz rejiminin öyrənilməsi üçün orijinal tədqiqatlar aparılmış, karbon tərkibli qazın çıxma həcmi dəyərləndirilmiş və atmosferin aşağı qatlarında paylanması öyrənilmişdir. O, AMEA-nın Geologiya və Geofizika İnstitutu və Almaniyanın Təbii Resurslar İnstitutundan olan həmkarları ilə birlikdə dünyada ilk dəfə Azərbaycan palçıq vulkanlarından qazın çıxmasının monitorinqinin elmi-texnoloji prinsiplərini şərh etmiş və yer qazlarının həcmində kosmik və geoloji amillərdən asılı olan dövri dəyişmələrin olduğu göstərilmişdir. Bu elmi tədqiqatlar “greenhouse effecti” mexanizminin öyrənilməsində əsas rol oynayır. O, həmkarları ilə birlikdə palçıq vulkanlarının püskürmə məhsullarının, süxurların, neftin, qazın və suyun izotop-geokimyəvi tərkibinin öyrənilməsi üçün ilk dəfə olaraq klassik tədqiqatlar aparmış, palçıq vulkanizminin ən güclü və böyük paroksizmlər müfəssəl surətdə şərh edilən püskürmə kataloqunu tərtib etmişdir. Bu tədqiqatlar çöküntü süxurlarının spontan həyəcanlanması və sıxlıq azalmasının modelini vermiş, seysmik məlumatlar əsasında Cənubi Xəzər hövzəsində böyük dərinlikdə sıxlıq azalma zonasının olduğunu göstərmişdir. Mövcud məlumatların nəzəri tədqiqatı əsasında palçıq vulkanının beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul edilən orijinal fiziki-kimyəvi modelini hazırlamışdır. Xəzər dənizində subdəniz palçıq vulkanlarının, palçıq vulkanı qaz-hidratlarının tapılması və geoloji-geokimyəvi öyrənilməsinin dünya prioriteti İbrahim Quliyevə və onun AMEA-nın Geologiya və Geofizika və ÜETİ Okeanologiya (Rusiya) institutlarından olan həmkarlarına məxsusdur. İ.Quliyevin önəmli praktik əhəmiyyəti olan tədqiqatlarından biri də Cənubi Xəzər hövzəsi timsalında sürətlə çökən hövzələrin karbohidrogen sistemlərinin öyrənilməsidir.
Akademik İbrahim Quliyev 222 elmi əsərin, 10 monoqrafiya, o cümlədən xaricdə 111 əsərin müəllifidir. Alimin əsərlərinə xarici jurnallarda bir çox istinad olunur.
İ.Quliyev Amerika Neftçi-Geoloqlar Assosiasiyasının Azərbaycan bölməsinin prezidentidir. O, Moskva Dövlət Universitetinin Neft və qaz kafedrasında, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Geoloji-kəşfiyyat fakültəsində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Geoloqlarının Milli Komitəsinin, Azərbaycan neftçi geoloqlar cəmiyyətinin üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Beynəlxalq Geodeziya və Geofizika İttifaqının Milli Komitəsinin prezidentidir. Ona 2015-ci ildə Çinin Siçuan Universitetində dərs vermək hüququ tanınmış və qurumun fəxri professoru seçilmişdir.
Onun rəhbərliyi altında 18 fəlsəfə və 4 elmlər doktorluğu üzrə dissertasiya müdafiə edilmişdir.
Akademik İbrahim Quliyev səmərəli elmi-təşkilati fəaliyyətinə görə 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimi, 2010-cu ildə Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neftqazlılığının öyrənilməsi üzrə silsilə işlərinə görə (bir qrup alimlərlə) müstəqil Azərbaycan Respublikasının ilk Dövlət mükafatı laureatı adına layiq görülmüş, 2014-cü ildə Rusiya Təbiət Elmləri Akademiyasının “На благо Отечества” fəxri medalı, 2017-ci ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni, 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı və “EcoWorld” müsabiqəsinin “За спасение жизни на Земле” ordeni ilə təltif edilmişdir.
Azərbaycan neft geologiyası elminin inkişafında mühüm xidmətləri olan akademik İbrahim Quliyevi 75 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni uğurlar arzulayırıq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.