AMEA-nın Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadənin “Azərbaycan elmi: gələcəyə baxış” ikicildlik kitabının birinci cildi çapdan çıxıb.
Akademik Teymur Kərimlinin ümumi redaktorluğu ilə ərsəyə gəlmiş kitabın tərtibçiləri texnika elmləri doktoru Vaqif İbrahimov və geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Yeganə Lətifovadır.
Nəşrdə görkəmli alim-geoloq və elm təşkilatçısı akademik Akif Əlizadənin seçilmiş məruzələri, çıxışları, məqalələri, həmçinin onunla aparılmış müsahibələr yer alıb.
Kitabda təqdim olunan materiallar 2000-2021-ci illəri əhatə edir və Azərbaycan Respublikasında fundamental elmin inkişafının geniş spektrdə aktual, eyni zamanda problemli məsələlərinə dair müəllif mövqeyini ehtiva edir. Nəşrdə, həmçinin indiki Geologiya və Geofizika İnstitutuna 1976-cı ildən fasiləsiz rəhbərlik edən Akif Əlizadənin əvvəlki illərdəki elmi-təşkilati fəaliyyətinin bəzi məqamları da yer alıb. Nəfis kitabda oxuculara alimin hərtərəfli fəaliyyətini əks etdirən rəngli fotolar bloku da təqdim edilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.