Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

19.08.2022 14:25
  • A-
  • A
  • A+

Arif Həşimov: “AMEA əməkdaşları 65 faizə qədər azalacaq”

Arif Həşimov: “AMEA əməkdaşları 65 faizə qədər azalacaq”

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov APA-ya müsahibə verib.

- Prezident İlham Əliyev 28 iyul 2022-ci ildə "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanda AMEA-ya da bir sıra tapşırıqlar verilib. Bu istiqamətdə hansı işlər həyata keçirilir?

- Qeyd etdiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb. Fərmanda elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə mühüm struktur dəyişiklikləri yer alıb. Fərmanda göstərilir ki, AMEA ümumi yığıncaqda qəbul edilmiş yeni Nizamnaməsini 3 ay müddətində Prezidentə təqdim etməlidir.

Eyni zamanda, Nazirlər Kabinetinin 5 avqust 2022-ci il tarixli sərəncamında göstərilir ki, AMEA Ədliyyə, İqtisadiyyat, Mədəniyyət nazirlikləri və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət qurumları ilə razılaşdırılmaqla AMEA-nın yeni strukturunu və işçilərin say həddi ilə bağlı təklifləri 2 ay müddətində Nazirlər Kabinetinə təqdim etsin. Bundan başqa, zəruri maliyyə və maddi texniki təminatla bağlı təkliflər də müvafiq dövr ərzində təqdim ediləcək.

Bütün bu məsələlərlə bağlı artıq AMEA Rəyasət Heyətində qərar qəbul edilib, Rəyasət Heyətinin məsul üzvlərindən ibarət Komissiya yaradılıb. Qərarın icrası ilə bağlı hazırda işlər aparılır. Təkliflərimizi nəzərdə tutulan müddətədək qeyd olunan qurumlara təqdim edəcəyik.

- AMEA-nın və Rəyasət Heyətinin strukturu ilə bağlı hansı dəyişikliklər gözlənilir? Burada bölmələrin də əməkdaşları var. Onların taleyi necə olacaq?

- AMEA-nın hazırkı Nizamnaməsinə əsasən, Akademiyanın vahid sistemini onun strukturuna daxil olan elmi bölmələr, regional elmi bölmə və mərkəzlər, elmi müəssisələr və təşkilatlar, elmi xidmət, xidmət və sosial xidmət müəssisələri və Rəyasət Heyətinin aparatı təşkil edir. Burada bir-biri ilə qarşılıqlı əlaqədə olan üç struktur səviyyəni ayırıb fərqləndirmək lazımdır.

Birinci ən iri struktur səviyyəni bölmə təsnifatı təşkil edir. Akademiyanın elmi bölməsi elmin müvafiq sahəsi üzrə seçilmiş Akademiya üzvlərini, Akademiyanın tabeliyində olan elmi və elmi xidmət müəssisələrinin elmi işçilərini və mütəxəssislərini birləşdirən əsas elmi və elmi-təşkilati qurumdur.

Hazırda Akademiyanın strukturunda Fizika-Riyaziyyat və Texnika, Kimya, Yer, Biologiya və Tibb, İctimai, Humanitar elmlər olmaqla altı elmi bölmə, Naxçıvan və Gəncə olmaqla iki regional elmi bölmə fəaliyyət göstərir. Elmlərin beynəlxalq səviyyədə qəbul edilmiş fənn namenklaturasına və Azərbaycanda milli elmi düşüncənin özünəməxsus inkişaf dinamikasına əsasən formalaşmış bu ən iri struktur səviyyənin yeni Nizamnamədə də saxlanılması nəzərdə tutulur. Yəni, AMEA-nın Nizamnaməsində təkcə institutlar deyil, həm də bölmələrin və regional elmi mərkəzlərin də strukturu əksini tapacaq. Akademiyanın işçiləri (köməkçi işçiləri nəzərə almasaq) eyni zamanda elmi işçilərdir. Onlar elmi fəaliyyətlərini hansı formada olur-olsun davam etdirəcəklər. Bu amillər yeni strukturda əksini tapacaq.

AMEA-nın təbiət və texnika elmləri sahəsindəki elmi bölmələrinin tərkibinə daxil olan institutlar Elm və Təhsil Nazirliyinin tabeliliyinə verilsə belə, bölmələr öz fəaliyyətinə davam edəcək. Çünki burada elmi əlaqələndirmə, ekspertiza, yəni elmtutumlu fəaliyyətlər təmin edilməlidir. Eyni zamanda, hər bölmənin öz üzvləri var. Akademiklərdən, müxbir üzvlərdən ibarət olmaqla onlar mütəmadi olaraq öz yığıncaqlarını, şuralarını keçirəcəklər. O komissiyalarda da Azərbaycanın prioritet elmi istiqamətləri müzakirə ediləcək. Bu kimi məsələlərin həlli istiqamətində də təkliflərini verəcəklər. İkinci struktur səviyyəni elmi müəssisə və təşkilatlarla bağlı təsnifat səviyyəsi təşkil edir. Hazırda AMEA-nın tabeliliyində ictimai və humanitar istiqamətlərə aid elmi müəssisələr və bir sıra digər müəssisə və təşkilatlar da fəaliyyət göstərməkdədir. Akademiyanın elmi müəssisələr üzrə təsnifat səviyyəsinin müəyyənləşməsi hüquqi baxımdan Nazirlər Kabinetinin səlahiyyətinə aid məsələdir. Hazırda bu struktur səviyyə ilə bağlı təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim ediləcək.

Prezidentin son sərəncamına əsasən, Akademiyanın strukturunda ciddi dəyişiklik baş verdiyinə görə Rəyasət Heyəti aparatının strukturunun da Akademiyanın yeni strukturuna uyğunlaşdırılması zərurəti yaranıb.

- AMEA Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən institutların monitorinqini aparacaqmı? Bunun üçün monitorinq qrupu yaradılacaq? Bu işin icrası hansı formada həyata keçiriləcək?

- Yalnız Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən müəssisələrin deyil, bütövlükdə respublika üzrə bütün müəssisələrin, ayrı-ayrı elmi problem və istiqamətlər üzrə təmərküzləşmiş elmi müəssisə və təşkilatların fəaliyyət effektivliyi onların akkreditasiyasından - qarşıya qoyulan məqsəd və vəzifələrə uyğunluğunun müəyyənləşdirilməsindən bilavasitə asılıdır. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən kompleks tədbirlərin həyata keçirilməsinə artıq start verilib.

Əlaqələndirmə fəaliyyəti elmin müəyyən prioritet istiqamətləri üzrə bütün sahələrdə tədqiqatlar aparılması, onların qiymətləndirilməsi, düzgün istiqamətləndirilməsi kimi işləri əhatə edəcək. Biz nə yoxlayıcı, nə də qanunverici orqanıq. Burada tövsiyə xarakterli fəaliyyət nəzərdə tutulur. Ola bilər, işçi qrup və ya monitorinq qrupu adlandırılsın. Bu, bölmələrin fəaliyyətinin necə qurulmasından asılı olacaq.

- Alimlər arasında ixtisarlar nəzərdə tutulmur deyə fikir səsləndi. Bəs, elmdə gəncləşmə necə aparılacaq, institutların say tərkibi artırılacaq?

- Məlum olduğu kimi, sosial yönümlülük, vətəndaşların sosial maraqlarının qorunması və təmin edilməsi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindəndir. Bütün məsələlərdə, xüsusən kadr siyasəti ilə bağlı məsələlərdə bu siyasətin prinsiplərinə əməl edilməlidir. Yeni strukturla bağlı əməkdaşlar ixtisara düşə bilər. Biz bu prosesdə işçilərin sosial maraqlarının qorunması, onların qanun çərçivəsində yeni iş yerlərinə yerləşdirilməsi və ya məşğulluğunun təmin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişik. Nazirlik bizə mütəxəssislər ayıracaq ki, əmək münasibətləri ilə bağlı hüquqi məsələlər təmin edilsin. Çalışacağıq ki, daxili imkanlar hesabına ixtisara düşənləri yerləşdirək. Amma elə kontingent ola bilər ki, onları yerləşdirmək mümkün olmasın. O zaman onların məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq altsistemində yerləşdiriləcək ki, ixtisaslarına uyğun işlə təmin edilə bilsinlər.

O ki qaldı elmin gəncləşdirilməsi məsələsinə, bunun üçün yaşlı nəslin ixtisar edilməsindən söhbət getmir. Bu istiqamətdə nəsillərarası optimal irs-varis əlaqəsinin qurulmasına, onların bilik və təcrübəsinin effektiv mexanizmlər əsasında yeni nəslə ötürülməsinə ehtiyac var. Çünki yaşlı nəslin nümayəndələri öz elmi məktəblərini yaradan insanlardır. Biz elə bir mexanizm yaratmağa nail olmalıyıq ki, nəsillərarası harmoniyanı təmin edə bilək. Bunun üçün kompleks tədbirlərin həyata keçirilməsinə, ilk növbədə, elmin prestijli bir fəaliyyət sahəsi kimi cəmiyyətdə nüfuzunun yüksəldilməsinə ehtiyac var. Elmi təhlükəsizlik konsepsiyasında əsas amillərdən biri sağlam elmi mühitin yaradılmasıdır. Gəncləşmə də elmi mühitlə bağlıdır.

- Bəzi institutlar AMEA-nın tabeliyindən çıxarıldı. Nəyə görə AMEA-da yalnız humanitar istiqamətdə tədqiqatlar aparan institutlar saxlanılıb?

- Nazirliyin tərkibinə verilən institutlar əsasən təbiət və texnika elmləri sahəsini əhatə edir və daha çox tətbiqi elmi potensialı olan elmi müəssisələrdir. Bunun da başlıca səbəbi elm, təhsil və istehsalat arasında “qızıl üçbucağın” yaradılmasına nail olunmasıdır. Hazırda dünyanın inkişaf etmiş ölkələrinin elmi təcrübəsində bu mühüm istiqaməti təşkil edir. Təhsillə eyni strukturda birləşən tətbiqi elmi potensiallı institutların istehsalatla əlaqələnməsi də sürətlənə bilər. Bu da onların respublikanın sosial-iqtisadi inkişafında daha yaxından iştirakına müsbət təsir göstərə bilər.

Digər tərəfdən bu, həmin institutların Akademiya ilə əlaqələrinin tamamilə kəsilməsi də demək deyil. Bu institutların elmi fəaliyyətləri bilavasitə Akademiya ilə bağlı olacaq. Tətbiqi sahələrlə bağlı institutlara gəldikdə, Azərbaycanda ali məktəblərdə magistratura pilləsi var. Magistr elmi dərəcə deməkdir. Elmi dərəcə alan magistrlər mütləq elmi fəaliyyətlə məşğul olmalıdır. Təkcə mühazirələri eşitməklə kifayətlənmək olmaz. Əgər magistr elmi dərəcəsi alınırsa, dissertasiya yazılırsa, deməli, elmi tədqiqatlar da aparılmalıdır. Bu tədqiqatları magistrlər artıq bizim elmi-tədqiqat institutlarında aparacaqlar. Burada da əsas çatışmazlıq təbiət elmləri sahəsindədir. Azərbaycanda humanitar elmlər sahəsində tədqiqat aparmaq üçün universitet və institutlarda kifayət qədər baza var. Amma təbiət elmləri sahəsində universitetlərlə Akademiyanın bazasının birləşdirilməsi həlledici amildir.

- İctimai və humanitar sahələr üzrə elmi müəssisələrin gələcək taleyi ilə bağlı nə deyə bilərsiniz?

- Bu elm sahələri üzrə çalışan alimlərin əldə etdiyi elmi nəticələr və həyata keçirdiyi mədəni proqramlar ilk növbədə dövlətçilik düşüncəsinin milli təfəkkürdə sabitləşməsinin, milli-mənəvi dəyərlərin müasir inkişafımız üçün səfərbər edilməsinin daha optimal yollarının araşdırılmasına sərf edilməlidir. Bütün bu sadalanan məqsədlərə nail olunması üçün əsas vəzifələrdən biri ictimai-humanitar elmlər üzrə müxtəlif tədqiqat sahələrində çalışan alim və mütəxəssislərin elmi fəaliyyətinin əlaqələndirilməsinə, həmçinin, elmi tədqiqatların ayrı-ayrı fənn predmetlərindən çıxarılıb kompleks problem mövzular üzrə aparılmasına nail olmaq lazımdır.

- Sizin Elm və Təhsil Nazirliyinin tərkibində yaradılacaq Elm və Ali Təhsil Agentliyinə rəhbərlik edəcəyiniz deyilirdi. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

- Yeni yaradılmış Agentliyə rəhbər təyinatı hüquqi baxımdan müvafiq icra hakimiyyətinin səlahiyyət dairəsinə aid məsələdir. Ona görə də bu barədə ehtimallara əsaslanmaq doğru olmazdı. Yalnız onu əminliklə deyə bilərəm ki, mən o sahəyə rəhbərlik etməyəcəyəm.

- Son zamanlar Akademiyadakı institutların, elmi tədqiqat müəssisələrinin böyük əksəriyyətinin bir-birinin təkrarı olduğu haqda yazılar dərc olunur. Bu məsələ ilə bağlı nə düşünürsünüz? Doğrudanmı eyni işi görən institutlar var, əgər varsa, onların birləşdirilməsi gündəmə gətirilə bilər? Çünki elm və təhsil naziri Emin Əmrullayev “bir-birini təkrarlayan institutların birləşdirilməsi istisna edilmir” demişdi.

- İnstitutların birləşdirilməsi də ola bilər, ayrılması da. Amma bunların hamısına ümumi kontekstdə baxmaq olmaz. Elə elmi problemlər var ki, onunla bir neçə laboratoriya məşğul ola bilər. Onlar oxşar və fərqli nəticələr ala bilərlər. Bu, pis hal deyil. Yəni oxşar fəaliyyət olsa, belə deyək ki, mütləq hansısa institutlar birləşməlidir və ya ayrılmalıdır? Mən bunu qəbul etmirəm. Amma bu məsələyə baxılmalıdır. Lazım olanda birləşə də bilər, ayrıla da. Azərbaycanda xeyli elmi-tədqiqat institutu var. Onlar hamısı institutlardan ayrılıb. Dövr olub ki, Fizika İnstitutundan 5-dən çox institut ayrılıb. Bu institutlardan da başqa institutlar yaranıb.

- Fərmandan irəli gələn məsələlərdən biri də elmlə təhsilin inteqrasiyasıdır. Bunu əsas götürərək demək olar ki, alimlərin universitetlərdə dərs yükünün artırılması təmin ediləcək?

- Müvafiq fərmanda elm və təhsilin vəhdətinin inkişaf etdirilməsi əsas məsələlərdən biridir. 2021-ci ildə AMEA-nın xüsusilə elmi dərəcəsi olan təxminən 412 əməkdaşına ali məktəblərdə saat hesabı və ya yarımştat dərs demək üçün icazə verilib. Yaxşı alimlər eyni zamanda yaxşı müəllim olmalıdır.

- Son islahatlardan sonra AMEA-da nə qədər əməkdaş fəaliyyət göstərir?

- Nazirlər Kabinetinin təsdiq etdiyi ştat vahidləri üzrə Akademiyaya 11200 ştat vahidi ayrılıb. Bura həm Bakıdakı AMEA strukturu, eyni zamanda Naxçıvan, Gəncə bölmələri, Şəki və Lənkəran regional elmi mərkəzləri, Milli Ensiklopediya Mərkəzi və s. aid idi. Hazırda institutların bir hissəsi Elm və Təhsil Nazirliyinə verildiyi üçün AMEA əməkdaşları təxminən 65 faizə qədər azalacaq. Amma bu, təxmini saydır. İki ay ərzində biz AMEA əməkdaşlarının say həddini və strukturu Nazirlər Kabinetinə təqdim edəcəyik.

- “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” Bakı Şəhər İcra Hakimiyyətinə verildi. Onların ərazisində fəaliyyət göstərən institutlar isə Elm və Təhsil Nazirliyinə verilib. Lakin bu institutların yeni yaradılan publik hüquqi şəxsin ərazisində öz təcrübə sahələri var idi. Bu institutlarda tədqiqatlar necə aparılacaq?

- “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxsləri yaradılıb. Onlar Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində publik hüquqi şəxslər olacaq. Buraya təbii ki, maddi-texniki baza və kadr potensialı da aiddir. Hazırda təhvil-təslim işləri gedir. Əməkdaşlar tam ştat vahidləri ilə işə qəbul edilir. İnstitutların fəaliyyətinə gəldikdə, hazırda aparılan elmi işlər yenə də davam etdiriləcək. Həmin tədqiqat işləri də yenə AMEA ilə birgə aparılacaq. Çünki onların elmi bazalarının əsas hissələri Akademiyadadır.

- AMEA-da prezident seçkiləri niyə gecikir?

- Hazırda AMEA-da növbəti prezident seçkilərinin keçirilməsinin tarixini demək mənim üçün də çətindir. Yeni yaranmış şəraitdə bunun üçün müvafiq normativ-hüquqi baza olmalıdır. Hesab edirəm ki, bunun üçün ən azı Akademiyanın Nizamnaməsi qəbul edilməlidir. Nizamnamənin layihəsi müəyyən oxunuşlardan keçməlidir və Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilməlidir. Ondan sonra bütün bu proseslər Akademiyanın müvafiq Nizamnaməsinə uyğun şəkildə həyata keçirilməlidir.

- Dərslikləri Elm və Təhsil Nazirliyi hazırlayır. Bundan sonra elm və təhsilin inteqrasiya edilməsi fonunda alimlərin dərslik hazırlanması prosesində daha fəal iştirakı təmin ediləcək?

- Azərbaycan dilində dərsliklərin hazırlanması çox aktual məsələdir. Sovet dövründə əsas üstünlük rus dilində olan dərsliklərin tərcümə edilməsinə verilirdi. Lakin elə bir dövr oldu ki, milli kadrların hazırlanması üçün Azərbaycan dilində dərsliklər hazırlanırdı. Əvvəllər doktorluq dissertasiyaları da dərslik olaraq istifadə edilirdi. Mənim oxuduğum Neft və Kimya İnstitutunun müəllimlərinin doktorluq dissertasiyaları dərslik kimi istifadə edilirdi. AMEA əməkdaşları dərsliklərin hazırlanmasında iştirak edirlər. Elm və Təhsil Nazirliyindən bizə dərsliklər rəy yazılması, redaktə olunması üçün də göndərilirdi. Yəqin ki, bundan sonra elm və təhsilin əlaqələndirilməsi məqsədi ilə müəyyən dərsliklərin hazırlanması elmi iş səviyyəsində aparılacaq. Bu, çox mühüm məqamdır. Mən bu təcrübəni dəstəkləyirəm. Bu təcrübədən yenidən istifadə edilməsini çox istərdim. Bu həm də elmin təbliginə xidmət edəcək. Beləliklə, dərsliklərin sayı da artacaq. Dərsliklərin sayının çox olması müsbət haldır, çünki hər müəllifin öz yanaşması var.

- Son 20 ildə Azərbaycan elminin hansı uğurlarını qeyd edə bilərsiniz?

- Azərbaycan cəmiyyəti elmdən çox nəticələr gözləyir. Bu, sevindirici haldır. Lakin bizim əldə etdiyimiz nəticələr bu gözləntilər fonunda qaneedici sayılmır. Bu da tək bizdən asılı deyil. Bunu çox faktorlarla izah etmək olar. Eyni zamanda ən əsas faktorlardan biri dünyada texnologiyanın sürətlə inkişafıdır. Ola bilsin ki, biz bu inkişafla ayaqlaşa bilmirik. Amma çalışmalıyıq ki, ayaqlaşaq. Bununla belə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda son 10 ildə əldə edilmiş əsas nailiyyətlərdən biri kimi, elmi fəaliyyət sahəsində olan uğurlar xüsusi qeyd edilib.

Sənəddə də göstərilir ki, son 10 ildə elmi tədqiqat potensialı müasirləşdirilib, tətbiqyönlü tədqiqatların aparılması genişləndirilib, müasir texnologiyaların tətbiqi imkanları yaranıb və bu prosesdə əqli mülkiyyətin rolu artırılıb. Elmin müxtəlif sahələri üzrə tədqiqatlara dair nəşrlərin sayı sürətlə çoxalıb. Son 5 ildə akademik nəşrlərin sayı 80% artıb və Cənubi Qafqaz ölkələri arasında Azərbaycan bu göstərici üzrə 2018-ci ildən etibarən hər il mütəmadi olaraq birinci yerdə qərarlaşıb. Son 4 ildə əqli mülkiyyət sahəsində institusional islahat nəticəsində Qlobal Rəqabətlilik İndeksində ölkəmiz "Əqli mülkiyyətin qorunması" göstəricisi üzrə 140 ölkə sırasında 71-ci yerdən 30-cu yerə irəliləyib, yaradıcı iqtisadiyyatın ümumi daxili məhsuldakı payı 3,5%-dən 5,3%-ə yüksəlib.

Biz ümid edirik ki, elm və təhsil sahəsində həyata keçirilən islahatlar nəticəsində Azərbaycan elminin uğurları bundan sonra daha yüksək olacaq.

apa.az

  • Paylaş: