Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü İlham Ələkbərovun 75 yaşı tamam olur
20.11.2023 11:14
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü İlham Ələkbərovun 75 yaşı tamam olur

Bu gün zoologiya elmi sahəsində tanınmış alim, Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Protozoologiya laboratoriyasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru, professor İlham Ələkbərovun 75 yaşı tamam olur.

İlham Xəyyam oğlu Ələkbərov 1948-ci il noyabrın 20-də Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Biologiya fakültəsini, 1974-cü ildə Azərbaycan SSR EA Zoologiya İnstitutunun aspiranturasını bitirmişdir. 1977-ci ildə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyalarını Sankt-Peterburq Dövlət Universitetində müdafiə etmişdir. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, 2009-cu ildə professor elmi adı almışdır.

İlham Ələkbərov 1972-1981-ci illərdə Azərbaycan SSR EA Fiziologiya İnstitutunda baş laborant, kiçik elmi işçi, böyük elmi işçi, 1988-1989-cu illərdə Azərbaycan EA Zoologiya İnstitutunda böyük elmi işçi, 1989-2007-ci illərdə laboratoriya müdiri, 2007-2011-ci illərdə institutun elmi işlər üzrə direktor müavini, 2011-2016-cı illərdə direktoru vəzifələrində, 7 il “BP Azərbaycan” şirkətinin biomonitorinq və elmi tədqiqatlar qrupunda AMEA-nın təmsilçisi kimi çalışmışdır. 2016-cı ildən Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunda Protozoologiya laboratoriyasının müdiridir.

İlham Ələkbərov bir sıra yeni histoloji və ekoloji metodlar, o cümlədən infuzorlar vasitəsilə hüceyrə və populyasiya səviyyəsində müxtəlif növ çirklənmələrin bioindikasiya ekspres-metodunu işləyib hazırlamışdır. O, 2008-ci ildə rus və alman həmkarları ilə birlikdə Baykal gölünün sərbəstyaşayan infuzorlarının tədqiqi layihəsində iştirak etmiş, 2005-2009-cu illərdə Texas Universitetinin alimləri ilə Meksika körfəzində və Xəzər dənizində birgə tədqiqatlar aparmışdır. Alim Azərbaycan, Rusiya, Ukrayna və Orta Asiya ölkələrinin dəniz, şirin su hövzələri və torpaqlarından tapılan elm üçün yeni 4 fəsilə, 17 cins və 100-dən artıq infuzor və çanaqlı amöb növlərini taksonomik təsvir etmişdir.

Alim 200-ə yaxın elmi əsərin, o cümlədən 4 monoqrafiyanın və 1 müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 7 fəlsəfə və 1 elmlər doktoru hazırlanmışdır.

İ.Ələkbərov Beynəlxalq Zooloqlar Cəmiyyətinin üzvü, bir sıra yerli və tanınmış xarici elmi jurnalların redaksiya heyətinin üzvü, protistologiya üzrə rəyçisidir.

Tanınmış alimi 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi-təşkilati fəaliyyətində uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: