Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.11.2023 11:24
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu - Hesabat dövrü ərzində Günəş fəallığı artmışdır. 3500 oblastında M9.8 sinifli güclü alışma baş vermişdir. Alışmalar nəticəsində R2 səviyyəli radiosiqnalların kəsilməsi, 10 sm dalğa uzunluğunda radioalışmalar, II tip radioemissiya, həmçinin Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq, 13 ləkə qrupunda 164 ləkə və Yerə təsiri gözlənilən böyük Tac dəliyi müşahidə olunur.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 507 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 7 nT, radial istiqamətdə isə -4 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 374 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4.44 nT, radial istiqamətdə isə -1.18 nT təşkil edir.

Hesabat dövrü ərzində 27-28 noyabr tarixlərində Yerə istiqamətlənmiş bir neçə TKA qeydə alınmışdır.

Kosmik hava proqnozu – Proqnoz günlərində (30 noyabr-03 dekabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.

Tac Kütlə Atılmalarının təsiri ilə enerjisi 2 MeV-dən çox olan elektron selinin yüksək səviyyələrə qalxacağı, 10 MeV-dən çox enerji yüklü proton seli üçün isə S1 səviyyəli radiasiya qasırğası gözlənilir.

Geomaqnit sahəsi - 27-28 noyabrda baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə bu gün G1 (zəif) səviyyəli geomaqnit qasırğası olması gözlənilir. 01 dekabr tarixində isə aktivliyin artacağı, geomaqnit qasırğasının G3 (güclü) səviyyəsinə qədər yüksələcəyi, dekabrın ayının 2-də yenidən G1 səviyyəsinə düşəcəyi proqnozlaşdırılır. Dekabrın ilk günlərində TKA və Günəşin səthindəki Tac dəliyinin təsiri ilə geomaqnit sahəsinin aktiv səviyyələrdə olacağı və 05 dekabrda yenidən G1 (zəif) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: