Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Yunus Sosial Biznes Mərkəzinin açılışı olub. Banqladeşli Nobel sülh mükafatı laureatı professor Məhəmməd Yunusun şərəfinə yaradılmış Mərkəzin açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli də iştirak edib.
Azərbaycanda səfərdə olan Nobel mükafatı laureatı professor Məhəmməd Yunusun da qatıldığı tədbirdə əvvəlcə Mərkəzin açılışını bildirən lent kəsilib, sonra quruma baxış keçirilib.
Açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycanda elm və təhsil üzrə beynəlxalq əlaqələrin bütün elmi istiqamətlər üzrə yüksələn xətlə inkişaf etdiyini bildirib. Azərbaycan Dövlət İqtisad Universitetinin də bu istiqamətdə əhəmiyyətli uğurlar qazandığını diqqətə çatdıran AMEA rəhbəri ali təhsil müəssisəsində Yunus Sosial Biznes Mərkəzinin yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən ətraflı söz açıb, yeni yaradılmış Mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verib.
Nobel mükafatı laureatı professor Məhəmməd Yunus ölkəmizdə olduğundan məmnunluğunu ifadə edib, Azərbaycanın elm və təhsilinə uğurlar arzulayıb. Ali təhsil müəssisəsində sosial biznes sahəsində bacarıqlı gənc tədqiqatların meydana çıxmaqda olduğunu diqqətə çatdıran banqladeşli professor yeni yaradılmış Yunus Sosial Biznes Mərkəzinin bu sahədə tələbə gənclərə əhəmiyyətli stimul verəcəyini vurğulayıb. Nobel mükafatı laureatı Biznes Mərkəzində ilk mühazirəsini də sosial biznes sahəsində qarşıda duran problemlərə həsr edib.
Sonda suallar cavablandırılıb.
Qeyd edək ki, açılış mərasimində Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini Vaqif Bəhmənli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu, UNEC-in rəhbər heyəti və əməkdaşları iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.