Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.11.2024 10:37
  • A-
  • A
  • A+

Azərbaycan-Almaniya birgə ekspedisiyası Qarabağda arxeoloji tədqiqatlarını davam etdirir

Azərbaycan-Almaniya birgə ekspedisiyası Qarabağda arxeoloji tədqiqatlarını davam etdirir

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə Almaniya Arxeologiya İnstitutu arasında bağlanılmış memoranduma əsasən, hər iki ölkənin arxeoloqlarının iştirakı ilə “Qarabağ düzənliyinin arxeoloji tədqiqi” (LKREP) layihəsi çərçivəsində arxeoloji tədqiqatlar davam etməkdədir.

2022-ci ildən etibarən Qarabağ düzənliyində yerləşən neolit və xalkolit dövrü yaşayış məskənlərinin tədqiqini ehtiva edən birgə layihənin Azərbaycan tərəfdən rəhbəri tarix üzrə fəlsəfə doktoru, dosent Xəqani Alməmmədov, Almaniya tərəfindən isə doktor Mark İserlisdir.

2024-cü il çöl-tədqiqat mövsümündə arxeoloji qazıntılar Ağcabədi rayonu Taynaq kəndi ərazisində yerləşən Canavartəpə xalkolit dövrü yaşayış məskənində davam edib. Qazıntılar zamanı qazma tipli yaşayış və təsərrüfat qurğuları, dövrün mədəni-iqisadi, təsərrüfat həyatını özündə əks etdirən yüzlərlə maddi-mədəniyyət nümünəsi aşkar edilib. Ən çox maraq doğuran nümunələr kretulalardır. Kretulalar getdikcə mürəkkəbləşən yazıya qədərki inzibati sistemdə uçot və təsdiqləmənin təminatı üçün tətbiq olunurdu və onlara Cənubi Qafqazın həmdövr abidələri içərisində ilk dəfə olaraq təsadüf edilir.

Abidəni maraqlı edən digər cəhət onun xronoloji çərçivəsilə ilə bağlıdır. Belə ki, aparılmış C14 analizlərinin nəticələrinə əsaslanaraq Leylatəpə mədəniyyətinə aid ən gec mərhələnin (e.ə. 3920-3430-c illər) məhz burada qeydə alındığı söylənilə bilər.

Qeyd edək ki, layihə çərçivəsindəki birgə tədqiqatlar iki problem mövzü üzrə həyata keçirilir. “Qarabağın neolit dövrü abidələrinin nisbi və mütləq xronologiyası” mövzusu üzrə aparılan tədqiqatlar çərçivəsində 10 abidədən götürülmüş nümunənin İsrail, Almaniya və Polşanın müvafiq laboratoriyalarında C14 analizləri aparılmış və Bayes xronologiyası əsasında Qarabağın neolit dövrü məskunlaşma dinamikası modelləşdirilmişdir. Neolitləşmə prosesinin müxtəlif inkişaf mərhələlərində baş vermiş təbii proseslərin izlənilməsi üçün həyata keçirilmiş palinoloji tədqiqatlar e.ə. VI minillikdə Qarabağ ərazisində yerli ekoloji xüsusiyyətlərin dərk edilməsinə imkan yaratmışdır.

Layihənin ikinci “Qarabağın Leylatəpə Fenomeni” mövzusu üzrə həyata keçirilən tədqiqatlar regiondakı bu mədəniyyətə aid abidələrin öyrənilməsi məqsədini daşıyır. Layihə çərçivəsində əsas tədqiqat obyektləri olaraq iki abidə, Leylatəpə və Canavartəpə xalkolit dövrü yaşayış məskənləri seçilib. İlkin nəticələr olaraq əvvəlki illərdə həyata keçirilmiş arxeoloji qazıntılardan əldə olunan nümunələr əsasında Qarabağda bu mədəniyyətin mütləq xronoloji çərçivəsi müəyyən edilmiş, saxsı məmulatı statistik və texnoloji baxımdan öyrənilmiş, paleoantropoloji, paleozooloji, paleobotanik və s. tədqiqatlar aparılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: