Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Elm TV”də YT Parkın rezidenti “Bakı Polimer İstehsalat” MMC-nin məhsullarının Rusiyaya ixraca başlaması ilə bağlı videosüjet yayımlanıb
01.09.2021 15:15
  • A-
  • A
  • A+

“Elm TV”də YT Parkın rezidenti “Bakı Polimer İstehsalat” MMC-nin məhsullarının Rusiyaya ixraca başlaması ilə bağlı videosüjet yayımlanıb

AMEA-nın “Elm TV” internet televiziyasında akademiyanın Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti, Azərbaycanda qablaşdırma məhsullarının topdan və pərakəndə satışı üzrə aparıcı şirkətlərdən biri olan “Bakı Polimer İstehsalat” MMC-nin istehsal etdiyi məhsulların Rusiyaya ixracına başlanılması ilə bağlı videosüjet yayımlanıb.

Videosüjetdə şirkətin artıq bir aya yaxındır ki, YT Parkda qida və sənaye streçi, yapışqan lentlər və s. istehsal etdiyi, bu yaxınlarda şirkətin hazır məhsullarının artıq Rusiya bazarına ixracına başlanıldığı bildirilir.

Bu barədə məlumat verən YT Parkın baş direktoru Vasif Abbasov qeyd edib ki, bu gün Azərbaycanda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ixrac potensialımızı artırmaq, qeyri-neft ixracının artırılmasına nail olmaq üçün ciddi islahatlar aparılır, sahibkarlara dövlət tərəfindən böyük dəstək göstərilir. Bu məqsədlə ölkə sahibkarlarının investisiya imkanlarının genişləndirilməsinə, potensial tərəfdaşların tapılmasına və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verilir.

Baş direktor YT Parkın ölkəmizdə iqtisadiyyatın inkişafına, elmi, innovativ layihələrin, elmin kommersiyalaşdırılmasına dəstək göstərən qurumlardan biri olduğunu, hazırda burada istehsal olunan məhsulların beynəlxalq standartlara cavab verdiyini, daxili tələbatı ödəməklə yanaşı, rəqabətqabiliyyətli olduğu üçün dünya bazarına da ixrac olunduğunu diqqətə çatdırıb.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin parkın fəaliyyətinin genişləndirilməsinə hər zaman xüsusi diqqət yetirdiyini vurğulayan V.Abbasov AMEA institutları alimlərinin müəllifi olduğu kommersiya potensiallı ixtira patentlərinin texnoparkda reallaşdırılmasının həyata keçirildiyini deyib: “Bu əlaqələrdən biri də “Bakı Polimer İstehsalat” MMC və AMEA-nın Polimer Materialları İnstitutunun alimlərinin birgə qatqı maddələrinin alınması istiqamətində apardıqları tədqiqatlarla bağlıdır. AMEA alimlərinin beyninin məhsulu olan bu innovativ layihə ilə bağlı patentin alınması da nəzərdə tutulur”.

O, həmçinin ixrac prosedurlarının icra olunmasında “Bakı Polimer İstehsalat” MMC-yə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən dəstək göstərildiyini bildirib. Əlavə edib ki, “Bakı Polimer İstehsalat” MMC yaxın zamanda ixrac imkanlarını genişləndirərək digər ölkələrə də məhsulların satışını həyata keçirməyi nəzərdə tutur.

Qeyd olunub ki, şirkətin məhsulları ən son texnologiyalar əsasında hazırlanmış avadanlıqlar vasitəsilə istehsal edilir ki, bu da az zamanda daha çox məhsul istehsalına imkan yaradır.

Videosüjeti təqdim edirik:

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: