Bakıda ilk dəfə keçirilən elm, inkişaf, bilik, texnologiya bayramı olan “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının üçüncü günündə festival çərçivəsində təşkil olunan sərgiyə Azərbaycan və Türkiyənin elm və təhsil ictimaiyyətinin nümayəndələri tərəfindən böyük diqqət göstərilib. Elm və təhsil ictimaiyyəti nümayəndələri sərgidə AMEA üçün ayrılmış pavilyonla yaxından maraqlanıblar.
AMEA-nın pavilyonunu ziyarət edənlər arasında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Mehriban İmanova, Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, eləcə də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) və Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələri, müxtəlif ali əhsil müəssisələrinin və AMEA institutlarının əməkdaşları, həmçinin tələbələr və məktəblilər yer alıb.
AMEA pavilyonuna baxış keçirən elm və təhsil ictimaiyyəti nümayəndələrinə pilotsuz uçuş aparatları, Azərbaycanda ilk dəfə tətbiq olunan 3D holoqram texnologiyası, robotlar, süni intellekt sistemləri, müxtəlif yağlar, sürkü materialları və digər innovativ layihələr haqqında ətraflı məlumat verilib.
Festivalı ziyarət edənlər təqdim olunan layihələri yüksək qiymətləndiriblər, bu mötəbər tədbirin Türk dünyasının ən qabaqcıl texnologiyalarını hazırlayacaq müəssisə və təşkilatlara böyük imkanlar açdığını vurğulayıblar.
Türkiyənin dövlət qurumları tərəfindən pavilyona baxış zamanı AMEA ilə Türkiyənin müvafiq elm və təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin icra edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.