Məlum olduğu kimi, Azərbaycanda uşaq hüquqlarının qorunması və cəmiyyətimizin bu sahədə maarifləndirilməsi sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirilməkdədir. Ölkəmizdə bütün kateqoriyadan olan uşaqların, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsili, milli ruhda təlim-tərbiyəsi, dünyagörüşünün formalaşması və sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanılır.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzində olublar.
Gənc alimlər mərkəzdə yerləşdirilmiş valideyn himayəsindən və qayğısından məhrum olan uşaqlarla görüşüb, sığınacağa ərzaq məhsulları, geyim və oyuncaqlardan ibarət sovqat təqdim ediblər.
Şura üzvləri Reinteqrasiya Mərkəzində uşaqlar üçün yaradılmış şəraitlə yaxından tanış olub, xatirə şəkilləri çəkdiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.