Tədqiqatçılar suyun yeni faza vəziyyətini kəşf ediblər.
Məlum olub ki, suyu ikiölçülü vəziyyətə qədər sıxdıqda, o, həm bərk, həm də maye vəziyyətlərində olmağı dayandırır.
Kembric Universitetindən olan fiziklər aşkar ediblər ki, su bir molekuldan ibarət qatda özünü nə maye, nə də bərk cisim kimi aparır. Bundan başqa, yüksək təzyiq zamanı bu struktur yüksək keçiriciliyə malik olur.
“Nature” jurnalında dərc edilmiş tədqiqatda alimlər suyun bir qat səviyyəsində tədqiqini təmin etmək üçün müxtəlif yanaşmaların kombinasiyasından istifadə ediblər. Onlar aşkar ediblər ki, incə qat formalaşdırmış su heksatik və superion mərhələləri daxil olmaqla bir neçə mərhələdən keçir.
Alimlər qeyd edir ki, nanoölçüdə suyun davranışının öyrənilməsi ən yeni texnologiyalar üçün həlledici mənaya malikdir. Məsələn müalicənin müvəffəqiyyəti bədənimizdə kiçik boşluqlara düşmüş suyun necə reaksiya verməsindən asılıdır. Bundan başqa, belə faza vəziyyətləri akkumulyatorlar üçün yüksək keçiricilik qabiliyyətli elektrolitlərin hazırlaması məqsədilə faydalı ola bilər.