Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

18.12.2022 10:19
  • A-
  • A
  • A+

Həyat amalı elm və təhsil olan istedadlı alim

Həyat amalı elm və təhsil olan istedadlı alim

Dekabrın 18-də fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellərin, metodların və avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması sahəsində tanınmış alim, Azərbaycanda elmin və təhsilin inkişafındakı mühüm xidmətləri olan, “Tərəqqi” medallı, İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Əminağa Sadıqovun 60 yaşı tamam olur.

Əminağa Bəhmən oğlu Sadıqov 18 dekabr 1962-ci ildə Lerik rayonunda fəhlə ailəsində anadan olmuşdur. O, 1970-ci ildə Lerik  rayonunun Blaband kənd orta məktəbində təhsil almağa başlamış, 1978-ci ildən təhsilini Bakı şəhər Respublika fizika-riyaziyyat təmayüllü 1 nömrəli orta internat məktəbində davam etdirmiş və 1980-ci ildə həmin məktəbi fərqlənmə ilə bitirmişdir. 1980-ci ildə fizika üzrə respublika olimpiadasının qalibi olmuş və həmin ildə Riqa şəhərində keçirilən fizika üzrə Ümumittifaq olimpiadasında 3-cü yeri tutmuşdur.

Ə.Sadıqov 1980-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə qəbul olmuşdur. Lakin Moskvada XXII Yay Olimpiya Oyunları keçirildiyindən Dnepropetrovsk Dövlət Universitetinə göndərilmiş və 1985-ci ildə həmin universitetin Tətbiqi-riyaziyyat fakültəsini bitirmişdir. 1992-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 2013-cü ildə texnika elmləri doktoru elmi dərəcələrini, 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adlarını almış, 2017-ci ildə isə “Kompüter elmləri” ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Alim əmək fəaliyyətinə 1985-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda başlamış, 1988-ci ildən AMEA-nın Rəyasət Heyətinin Mərkəzi aparatına köçürülmüş və orada Elmi-təşkilat şöbəsinin, Elmi-Təşkilat İdarəsinin, Elm və Təhsil Baş İadarəsinin rəisi vəzifələrində işləmişdir. O, 2019-2020-ci illərdə AMEA-nın akademik-katibi (vitse-prezidenti) vəzifəsində işləmiş və AMEA-nın Rəyasət Heyətinin üzvü olmuşdur. 11 dekabr 2020-ci ildə İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsinə təyin edilmiş, 1 fevral 2021-ci ildən isə həmin institutun icraçı direktoru vəzifəsində işləyir.

Ə.Sadıqov fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellərin, metodların və avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması sahəsində tanınmış alimdir. O, bir sıra riyazi metodların, modellərin və onların əsasında yaradılmış informasiya texnologiyalarının, habelə 171 elmi əsərin, o cümlədən 3 elmi monoqrafiyanın, 5 kitabın, 2 ixtira və 2 patentin müəllifidir. Ə.Sadıqov 20-yə yaxın beynəlxalq və respublika səviyyəli elmi layihənin yerinə yetirilməsində rəhbər və ya icraçı qismində iştirak etmiş, dünyanın 40-a yaxın ölkəsində, o cümlədən Amerika Birləşmiş Ştatları, Kanada, İsrail, Almaniya, Fransa, Rusiya, Ukrayna, İtaliya, İspaniya, İsveç və Malayziyada 60-dan çox mötəbər elmi forumda ölkəmizi təmsil etmişdir. O, həmçinin elm, texnologiya və idarəetməyə dair bir sıra beynəlxalq ixtisaslaşmış kurslarda, treninqlərdə iştirak etmiş və müvafiq sertifikatlar almışdır.

Ə.Sadıqov elm və təhsillə bağlı bir sıra dövlət əhəmiyyətli tədbirlərin təşkilində və həyata keçirilməsində, normativ-hüquqi sənədlərin hazırlanmasında bilavasitə iştirak etmişdir. O, 20 ilə yaxın Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının məsul katibi olmuş, Milli Məclisin Elm və təhsil komitəsinin işçi qrupunun üzvü olmuşdur.

Ə.Sadıqov hazırda çoxşaxəli elmi, elmi-təşkilati və ictimai fəaliyyətlə məşğuldur. O, İdarəetmə Sistemləri İnstitutunda ictimai əsaslarla Fövqəladə hallarda idarəetmə laboratoriyasına rəhbərlik edir, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində əvəzçiliklə professor vəzifəsində işləyir. Elmi işlərlə yanaşı, aktiv pedaqoji fəaliyyətlə məşgul olan Ə.Sadıqov aparıcı universitetlərdə mühazirələr oxumaqla yanaşı, gənclərin elmi tədqiqatlara cəlb olunması və yüksəkixtisaslı kadrların hazırlanması üçün var qüvvəsi ilə çalışır. Onun rəhbərliyi ilə fəlsəfə və elmlər doktoru proqramları üzrə dissertasiyalar uğurla yerinə yetirilir.

Ə.Sadıqov Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdindəki ED 1.20 Dissertasiya Şuralarının üzvüdür. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Davamlı inkişafın idarə edilməsi” ixtisası üzrə, Milli Aviasiya Akademiyasında isə “İnformasiya texnologiyaları” və “Kompüter elmləri” ixtisasları üzrə Dövlət Attestasiya Komissiyasının sədridir. Bundan əlavə, Əqli Mülkiyyət və İnnovasiya İctimai Birliyinin sədri, Yüksək Texnologiyalar Parkının Müşahidə Şurasının, bir sıra yerli və xarici elmi jurnalların redaksiya heyətlərinin üzvüdür.

Ə.Sadıqov ana dilindən başqa ingilis, rus, türk və ukrayn dillərini bilir.

İstedadlı alim Ə.Sadıqov səmərəli elmi və elmi-təşkilati fəaliyyətinə, Azərbaycanda elmin və təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı, eləcə də “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının medalı və AMEA-nın Fəxri fərmanı ilə təltif olunmuşdur. Alim, həmçinin Beynəlxalq Reytinq Akademiyasının, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medallarına, o cümlədən bir sıra beynəlxalq və respublika səviyyəli qeyri-hökumət təşkilatlarının təltiflərinə də layiq görülmüşdür.

Ə.Sadıqovun 3 övladı var və onlar təhsildə yüksək nəticələr qazanıblar. Böyük oğlu Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb və Dövlət Proqramı çərçivəsində Kanadanın Waterloo Universitetinin Riyaziyyat fakültəsini bitirib.

Tanınmış alim AMEA-nın müxbir üzvü Əminağa Sadıqovu 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və elmi-təşkilati fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: