Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2023 18:38
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2022-ci il üzrə illik hesabatının müzakirəsinə həsr olunmuş səyyar iclası keçirilib

AMEA Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2022-ci il üzrə illik hesabatının müzakirəsinə həsr olunmuş səyyar iclası keçirilib

Yanvarın 18-də AMEA-nın Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2022-ci il üzrə illik hesabatının müzakirəsinə həsr olunmuş səyyar iclası hibrid formatda keçirilib.

İnformasiya Texnologiyaları İnstitutunda baş tutan tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov, AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini, fizika elmləri doktoru, dosent Sakin Cabarov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Rəyasət Heyətinin üzvləri, eləcə də FRTEB-in Elmi şurasının üzvləri, bölmənin elmi müəssisələrinin baş direktorları, ali təhsil müəssisələrinin rektorları və digər aidiyyəti şəxslər iştirak ediblər.

Əvvəlcə AMEA FRTEB üzrə elmi müəssisələrin elmi və elmi-təşkilati fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.

Qonaqlar institut və təşkilatlar üçün ayrılmış guşələrdə Azərbaycan, rus və ingilis dillərində olan müxtəlif nəşrlərlə tanış olublar. Pavilyonda quraşdırılmış monitorlarda institut və təşkilatların 2022-ci üzrə elmi və elmi-təşkilati, eləcə də praktiki fəaliyyətlərini əks etdirən videoçarxlar təqdim olunub.

Sərgidə elmi müəssisələrdə aparılan tədqiqatlar, həyata keçirilən innovativ layihələr, əldə olunan elmi nəticələr, beynəlxalq əməkdaşlıq əlaqələri, o cümlədən elmi əsər və kitablar, jurnal və bukletlər haqqında ətraflı məlumat verilib. 

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin son illərdə elm və təhsil sahəsində imzaladığı müvafiq sərəncamlar respublikada alim və ziyalılara dəstək göstərilməsi sahəsində atılan addımların qətiyyətlə davam etdirildiyini əyani şəkildə nümayiş etdirir. Bu sərəncamların alimlər qarşısında mühüm vəzifələr qoyduğunu deyən akademik qeyd edib ki, Azərbaycan alimləri dövlətimizin bütün sahələrdə inkişafına elmi dəstək verməli, ölkənin sosial-iqtisadi, mənəvi, mədəni həyatında yaxından iştirak edərək alimlik və vətəndaşlıq borcunu məsuliyyətlə yerinə yetirməlidirlər.

“Hesab edirəm ki, Akademiyada keçirilən illik hesabatlara həsr olunmuş iclaslar dövlət başçısının elm sahəsində müəyyən etdiyi vəzifələrin icrası istiqamətində görülən işlərin qiymətləndirilməsi baxımından önəmli tədbirlərdir”, - deyə bildirən İ.Həbibbəyli builki hesabat iclasının ilk dəfə olaraq AMEA ilə yanaşı, Elm və Təhsil Nazirliyi, Ali Attestasiya Komissiyası, müvafiq dövlət qurumlarının məsul əməkdaşları, eləcə də vətəndaş cəmiyyəti sektorları nümayəndələri qarşısında təqdim olunduğunu diqqətə çatdırıb. AMEA prezidentinin sözlərinə görə, bu, Azərbaycan alimlərinin intellektual potensialının nümayiş etdirilməsi, əldə olunan nəticələrin geniş ictimaiyyətə çatdırılması, elm və təhsilin inteqrasiyasının təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir.    

İclasda çıxış edən Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov əsas etibarilə fundamental elmi istiqamətlərdə tədqiqatlar aparan Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin qarşısında mühüm vəzifələrin dayandığını, dünyanın gələcək inkişafının texnika elmləri sahəsinin tərəqqisi və süni intellektlə sıx bağlı olduğunu söyləyib. “Azərbaycan artıq VI sənaye inqilabına hazır olmalıdır”, – deyən nazir müavini əlavə edib ki, alimlərimiz dünya elminin müasir çağırışlarını nəzərə almalı, ölkəyə və cəmiyyətə fayda gətirə biləcək multidissiplinar tədqiqatlarla məşğul olmalıdır. F.Qurbanov, həmçinin Prezident İlham Əliyevin 28 iyul 2022-ci il tarixli müvafiq Fərmanının elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi, çevikləşdirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması məqsədini daşıdığını, elm və təhsilin inteqrasiyası üçün yeni imkanlar açdığını diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Sakin Cabarov Azərbaycan elminin dünya elminə inteqrasiyasının, dünyanın nüfuzlu elmi reytinq siyahılarında ölkəmizin təmsil olunmasının dövlət başçısının alimlər qarşısında qoyduğu əsas vəzifələrdən olduğunu vurğulayıb. S.Cabbarov ölkəmizdə aparılan elmi tədqiqatların nəticələrinin nüfuzlu elmi bazalarda indeksləşən jurnallarda işıq üzü görməsinin, Azərbaycan jurnallarının bu bazalara daxil edilməsi istiqamətində işlərin həyata keçirilməsinin əhəmiyyətinə toxunub. O, qeyd edib ki, hazırda ölkəmizin “Web of Science”, “Scopus” kimi nüfuzlu beynəlxalq bazalarda indeksləşən jurnallarının böyük əksəriyyəti fizika və riyaziyyat sahələrini əhatə edir.

S.Cabbarov əlavə edib ki, elm və təhsilin inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər nəticəsində artıq AMEA-da fəaliyyət göstərən alimlər təhsil prosesində yaxından iştirak edəcək, ali təhsil müəssisələrinin kafedralarında çalışan müəllimlər isə tədqiqat prosesinə cəlb olunacaq.

Daha sonra akademik İ.Həbibbəyli riyaziyyat elmləri doktoru Nadir Süleymanova 90, İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasova 70 və AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevə 65 illik yubileyləri münasibətilə AMEA-nın Fəxri fərmanlarını təqdim edib.

Sonra iclasda AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib. Hesabatı təqdim edən AMEA-nın vitse-prezidenti, FRTEB-in Elmi şurasının sədri, akademik Rasim Əliquliyev ötən il bölmə müəssisələrinin elmi tədqiqat planlarına həm fundamental, həm də tətbiqi xarakterli tədqiqatların aparıldığını və bir sıra mühüm elmi nəticələrin əldə olunduğunu bildirib. Akademik qeyd edib ki, FRTEB-in müəssisələrində 7 elmi istiqamət üzrə 37 problemə aid 108 mövzu üzrə 272 tədqiqat işi aparılıb və bu tədqiqatlardan 46-sı bölmə tərəfindən müzakirə edilərək mühüm nəticə kimi dəyərləndirilib.

Akademik Rasim Əliquliyev bölməyə daxil olan müəssisələrin əməkdaşları tərəfindən kitab, monoqrafiyalar, nüfuzlu elmi bazalara daxil olan jurnallarda işıq üzü görmüş məqalələr, alınmış patentlər haqqında ətraflı məlumat verib. Elmi şuranın sədri hesabat ilində 1062 məqalənin (952-si nüfuzlu xarici elmi jurnallarda) dərc olunduğunu, bu məqalələrin 529-nun “Web of Science” və “Scopus” bazasına daxil olan impakt faktorlu jurnallarda işıq üzü gördüyünü bildirib. O, həmçinin müxtəlif parametrlər üzrə elmmetrik göstəriciləri təqdim edib, bölmənin əməkdaşlarının əsərlərinə olan istinadların sayını diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti hesabat ilində bölməyə daxil olan institut və təşkilatların dövlət tapşırıqlarının icrasında yaxından iştirak etdiklərini qeyd edib. Elmi şuranın sədri, həmçinin bölməyə daxil olan institut və təşkilatların kadr potensialı, bu müəssisələrdə elm və təhsilin inteqrasiyası, elmi biliklərin təbliği və populyarlaşdırılması istiqamətində görülən işlərə dair məlumatları iclas iştirakçılarının nəzərinə çatdırıb. Eyni zamanda institut və təşkilatların gələcək inkişafı və onların fəaliyyətinin daha səmərəli təşkilinə dair bir sıra təkliflər irəli sürüb.

Məruzə dinlənildikdən sonra geniş müzakirələr aparılıb. Hesabat ətrafında gedən müzakirələrdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov, İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov, Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev, Avstraliya Federasiya Universitetinin professoru, “Smart Analitika” elmi tədqiqat mərkəzinin direktoru Adil Bağırov, ABŞ-ın Merilend Universitetinin alimi, akademik Roald Saqdeyev çıxış ediblər. Çıxışlarda hesabat ilində bölmənin müəssisələrində prioritet istiqamətlərdə aparılan tədqiqatlar və əldə olunan nəticələrdən bəhs olunub, bir sıra təkliflər səsləndirilib.

Tədbirdə, həmçinin AMEA Rəyasət Heyəti aparatının strukturunda daxili imkanlar hesabına “Elektron Akademiya” şöbəsinin yaradılması haqqında müvafiq qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: