Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli qardaş Türkiyə Cümhuriyyətinə səfəri çərçivəsində Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti, professor doktor Müzəffər Şəkərlə görüşüb.
Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Müzəffər Şəkər Azərbaycan Milli Elmlər Akademiyası ilə qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyəti olduğunu qeyd edib. TÜBA rəhbəri iki qardaş ölkənin elmi qurumları arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bildirib. Professor TÜBA-nın fəaliyyət istiqamətləri haqqında məlumat verərək nəzərə çatdırıb ki, xüsusən humanitar və ictimai elmlər üzrə əməkdaşlığın genişləndirilməsi, yüksələn xətlə inkişaf etməsi sahəsində hər iki elmi qurum böyük imkanlara malikdir. Akademiya rəhbəri bugünkü mövcud reallığa əsaslanan strateji elmi əməkdaşlıq münasibətlərinin böyük gələcəyinə inamını ifadə edib.
Sonra Azərbaycanla Türkiyə arasında bütün sahələrdə hərtərəfli əməkdaşlığın geniş vüsət aldığını diqqətə çatdıran akademik İsa Həbibbəyli hər iki ölkə rəhbərlərinin əhəmiyyətli dərəcədə inkişaf etdirdiyi dostluq və əməkdaşlıq əlaqələrinin elm sahəsində də yeni inkişafa geniş yol açdığını bildirib. Akademiya rəhbəri qarşılıqlı elmi münasibətlərin müasir mərhələdəki prioritet istiqamətlərindən söz açıb. Akademik İsa Həbibbəyli hazırda yeniləşmə prosesi mərhələsində olan AMEA-nın beynəlxalq elmi qurumlarla əlaqələr yaratmaq sahəsindəki addımları barədə məlumat verib.
Bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileyləri ilə əlaqədar olaraq AMEA-nın təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konfranslarda qardaş Türkiyənin görkəmli alimlərinin də iştirakının nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və TÜBA-nın prezidenti, professor doktor Müzəffər Şəkər imzalayıblar.
Qeyd edək ki, müqavilədə qarşılıqlı olaraq elmi əsərlərin nəşri, ortaq konfrans və simpoziumların keçirilməsi, hər iki qurumda nəşr olunan jurnalların mübadilə edilməsi və sair məsələlər öz əksini tapıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.