Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

FRTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvlərinin "Google Scholar"da bəzi elmmetrik göstəriciləri açıqlanıb
23.03.2023 23:00
  • A-
  • A
  • A+

FRTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvlərinin "Google Scholar"da bəzi elmmetrik göstəriciləri açıqlanıb

Müasir dövrdə dünya elmində hər hansı bir tədqiqatın dəyəri və əhəmiyyəti onun istinad və Hirş indeksinin səviyyəsi əsasında müəyyən edilir. Bu səbəbdən beynəlxalq aləmdə elmi əsərlərə olunan istinadlara və yüksək indeksli jurnallarda çap olunmuş məqalələrə günü-gündən daha çox diqqət göstərilir, alimlərin müxtəlif parametrlər üzrə elmi reytinqinin tərtib edilməsinə, onların fəaliyyətinin obyektiv qiymətləndirilməsinə önəm verilir.

Azərbaycanda da son dövrlərdə müvafiq sahədə qəbul edilmiş fərman və sərəncamlardan irəli gələn vəzifələrin icrası istiqamətində ölkə elmində kompleks islahatların aparılmasına başlanılıb, elmi qurumların qarşısına dünyada gedən proseslərə adekvat olaraq, elm və təhsilin idarəolunmasına yeni hüquqi baxış kontekstində elmi fəaliyyətin səmərəsinin daha da artırılması ilə bağlı ciddi vəzifələr qoyulub.

Azərbaycan Milli Elmlər Akademiyası müvafiq sahədə dünya təcrübəsini, ölkəmizdə elm sahəsində aparılan islahatları, eyni zamanda milli maraqları nəzərə alaraq bu istiqamətdə məqsədyönlü işlər aparır. Elmi müəssisə və təşkilatlarda elmi tədqiqatların əhəmiyyətinin artırılması, kəmiyyət və keyfiyyət göstəricilərinin daha da yaxşılaşdırılması, eləcə də alimlər arasında sağlam rəqabət mühitinin yaradılması ilə bağlı tədbirlər görür. AMEA rəhbərliyinin təşəbbüsü və göstərişi ilə Elm Günü ərəfəsində Fizika, Riyaziyyat və Texnika Elmləri Bölməsi (FRTEB) üzrə AMEA-nın üzvlərinin bəzi elmmetrik göstəricilərini əks etdirən reytinq cədvəllərinin hazırlanması da bu qəbildəndir.

Qeyd edək ki, cədvəllərdə FRTEB üzrə AMEA-nın üzvlərinin “Google Scholar”da Hirş indeksləri və həmin alimlərin əsərlərinə “Google Scholar”da istinadların sayı təqdim olunub. Reytinq siyahısında Akademiyanın 36 üzvünün adı yer alıb.

Tam siyahı ilə aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:

Fizika, Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə AMEA-nın üzvlərinin “Google Scholar”da Hirş indeksləri

Fizika, Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə AMEA-nın üzvlərinin əsərlərinə "Google Scholar"da istinadların sayı

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: