Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.04.2023 14:10
  • A-
  • A
  • A+

Horizon Avropa Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Aviasiya Akademiyasında məlumat günü keçirilib

Horizon Avropa Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Aviasiya Akademiyasında məlumat günü keçirilib

Avropa Komissiyasının (AK) Horizon Avropa Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsi (MƏŞŞ) üzvlərinin iştirakı ilə Milli Aviasiya Akademiyasında məlumat günü keçirilib.

Milli Aviasiya Akademiyasının Yeni texnologiyalar üzrə prorektoru professor Xəqani Abdullayev tədbiri giriş sözü ilə açaraq Akademiyanın tədqiqat və innovasiya istiqamətləri haqqında məlumat verib, Horizon Avropa proqramlarında iştirak üçün geniş imkanların olduğunu qeyd edib və iştirakçıları tədbirin proqramı ilə tanış edib.

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva MƏŞŞ və onun fəaliyyət istiqamətləri, Avropa Komissiyası tərəfindən Azərbaycan alim və mütəxəssisləri üçün təşkil edilmiş təlimlər və məlumat günləri haqqında məlumat verib, cari ildə belə tədbirlərin yenidən keçilməsinin nəzərdə tutulduğunu bildirib. O, həmçinin iştirakçıları elmi kosorsiumların yaradılmasında çox əhəmiyyətli vasitə olan COST Fəaliyyəti, bu proqram çərçivəsində layihələrə qoşulmaq qaydaları və icra olunmaqda olan layihələrlə əlaqəli statistik məlumatları diqqətə çatdırıb.

Rəqəmsal, sənaye və kosmos klasteri üzrə Milli Əlaqələndirici Şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Tofiq Babayev, İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov və Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Aynurə Həsənova proqram üzrə ətraflı nəzəri və praktik məlumatlar təqdim ediblər.

Tofiq Babayev AK-nın çərçivə proqramları, 2021-2027-ci illər üçün nəzərdə tutulmuş Horizon Avropa proqramının klasterləri, onların əhatə etdiyi sahələr və maliyyə imkanları, layihələrin tipləri və proqrama müraciət üzrə ətraflı məlumat verib.

Məmməd Həşimov Horizon Avropa üzrə 2023-2024-cü illər üçün hazırlanmış İş proqramı və ondan istifadə qaydaları, müvafiq çağırışların müəyyən edilməsi və layihələrin hazırlanması haqqında məlumatları, həmçinin İKT üzrə yeni çağırışları təqdim edib.

Aynurə Həsənova iştirakçıları Horizon Avropa proqramı üzrə yeni çağırışların müəyyən edilməsi, tərəfdaşların araşdırılması və konsorsiuma qoşulmaq üçün müraciət qaydaları, həmçinin kosmos üzrə yeni çağırışlarla tanış edib.

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini, yer elmləri üzrə fəlsəfə doktoru Aytən Hüseynova Marie Sklodovska-Küri Fəaliyyəti çərçivəsində fərdi və qrup şəklində tədqiqat imkanları, doktorantura və postdoktorantura səviyyəsində fərdi təqaüd təklifləri haqqında məlumat verib.

Təqdimatlar ətrafında maraqlı müzakirələr aparılıb və MƏŞŞ-lə görüşlərin mütəmadi keçirilməsi təklif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: