Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.07.2023 09:15
  • A-
  • A
  • A+

Xalqa bağışlanmış ömürdən anlar: 2001-ci ilin mayı

Xalqa bağışlanmış ömürdən anlar: 2001-ci ilin mayı

AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

1 may. Prezident Heydər Əliyev Türkiyənin Jandarm Qüvvələrinin baş komandanı, ordu generalı Aytac Yalman ilə görüşdü.

4 may. GUÖAM-ın üzvü olan ölkələrin və bir sıra digər dövlətlərin ticarət-sənaye palatalarının rəhbərlərini qəbul etdi.

7 may. BP şirkətinin ölkəmizdə həyata keçirdiyi layihələrin təqdimat mərasimində iştirak etdi.

9 may. Faşizm üzərində qələbənin 56-cı ildönümü münasibətilə keçirilən mərasimdə nitq söylədi.

11 may. Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Jan Lemyerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

14 may. Türkiyənin “Mərmərə qrupu” strateji və sosial araşdırmalar vəqfinin sədri Akkan Suvərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

18 may. ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etdi.

21 may. AFR-in vitse-kansleri, xarici işlər naziri Yoşka Fişerlə görüşdü.

22 may. Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri Ursula Şvayserin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

24 may. Bilkənd Universitetinin İdarə Heyətinin sədri professor İhsan Doğramacı ilə görüşdü.

26 may. 28 May – Respublika Gününə (Müstəqillik Günü) həsr olunmuş mərasimdə nitq söylədi.

28 may. Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksini qəbul etdi.

29 may. Tələbələrin, şagirdlərin və idmançıların bir qrupuna ilk şəxsiyyət vəsiqələrini təqdimetmə mərasimində nitq söylədi.

30 may. BMT-nin Azərbaycandakı prezident-əlaqələndiricisi Ercan Murat ilə görüşdü.

31 may. MDB ölkələri dövlət başçılarının görüşündə iştirak etmək üçün Minsk şəhərinə səfər etdi.

2001-ci ilin mayında Bakıda GUÖAM ölkələrinin – Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldovanın ticarət və sənaye palatalarının ilk simpoziumu keçirildi. Mayın 4-də simpozium iştirakçıları ilə görüşən Prezident Heydər Əliyev bu tədbiri yüksək qiymətləndirdi. Simpoziumda GUÖAM ilə yanaşı, Şərqi Avropanın bir çox ölkələrinin və Baltikyanı dövlətlərin nümayəndələrinin iştirakını regionların bir-biri ilə çox sıx bağlı olması baxımından tamamilə qanunauyğun hesab etdiyini bildirdi.

1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi” həm Azərbaycan iqtisadiyyatına, həm də bütün tərəfdaşlara fayda verməkdə davam edirdi. 2001-ci il mayın 7-də BP-nin layihələrinin təqdimat mərasimi keçirildi. Şirkətin rəhbəri Deyvid Vudvord və “BP Exploration”ın Azərbaycan üzrə prezidenti, “Şahdəniz” layihəsinin rəhbəri Qordon Birrel BP və onun ətrafında birləşmiş konsorsiumun fəaliyyəti və görüləcək işlər haqqında məlumat verdilər. Heydər Əliyev təqdimatı dinlədikdən sonra bu əməkdaşlığı və BP-nin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdi.

Sitat: Mən böyük məmnuniyyət hissi ilə indi sizdən eşitdim ki, BP kimi dünyanın böyük, çox nəhəng şirkəti dünyanın heç bir yerində, heç bir nöqtəsində indi bizim bu layihələrə sərf edəcəyi 8-9 milyard dollar məbləğində vəsait heç vaxt xərcləməmişdir.

BP təcrübəli bir şirkətdir. Özü də əbəs yerə 1 dollar da xərcləməz. Desəm ki, 1 dollar ver, sizdən bunu almaq olmaz. Ona görə də BP yaxşı bilir ki, harada nə var. Ötən illərdə sizin, BP-nin burada olan nümayəndələrinin gördüyü iş şirkətinizin rəhbərlərinə də sübut etdi ki, burada neft var, burada qaz var. Bunların hasil olunması və nəql edilməsi üçün imkanlar var. Neft və qazın satılması üçün bazarlar vardır. BP burada özünə lazım olan mənfəəti götürə bilər.

Qeyd edək ki, əsası təxminən 30 il əvvəl - “Əsrin müqaviləsi” ilə qoyulmuş Azərbaycan-BP əməkdaşlığı bu gün də ən yüksək səviyyədədir. Ölkəmizin müəllifi olduğu irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında Böyük Britaniya şirkəti fəal tərəfdaş kimi çıxış edir. Prezident İlham Əliyevin dediyi kimi, uzun illərdən bəri davam edən bu səmərəli əməkdaşlıq qarşılıqlı etimada söykənir.

2001-ci il mayın 21-22-də Bakıda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin ikinci iclası keçirildi. Prezident Heydər Əliyev Komitənin həmsədri Ursula Şvayserin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Ermənistanın işğalçı siyasətini qonaqların diqqətinə çatdıraraq Avropa İttifaqının bu məsələlərə münasibətini bildirməli olduğunu vurğuladı: “Bizim bütün işlərimizə mane olan Ermənistan-Azərbaycan münaqişəsidir. Güman edirəm, bilirsiniz ki, bu münaqişənin günahkarı biz deyilik. Ermənistan Azərbaycanın torpaqlarının bir hissəsini, Dağlıq Qarabağı özünə birləşdirmək üçün bu münaqişəni başlayıbdır. Sonra bu münaqişə qanlı müharibəyə çevrilibdir və müxtəlif səbəblərdən Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal etməyə nail olubdur. İşğal edilmiş torpaqlardan bir milyon insan zorla yerindən çıxarılıb və indi artıq yeddi-səkkiz ildir ki, qaçqın vəziyyətində, əksəriyyəti çadırlarda yaşayır. Təbiidir ki, XXI əsrin əvvəlində dünyada, Qafqaz bölgəsində belə bir münaqişənin olması özlüyündə indi gedən proseslərə uyğun deyildir... Güman edirəm ki, Avropa Birliyi də bu məsələlərə öz münasibətini bildirməli və öz fəaliyyətini göstərməlidir”.

Azərbaycan müstəqillik əldə edəndən sonra vətəndaşlığı təsdiq edən sənədlərin hazırlanması lazım idi. Milli Məclis bu barədə qanunlar qəbul etmiş, aidiyyəti nazirliklər müvafiq işlər aparmışdı. 2001-ci ildə şəxsiyyət vəsiqələrinin verilməsi davam edirdi. Mayın 29-da Ulu Öndər gənclərə, qabaqcıl idmançılara ilk vətəndaşlıq vəsiqələrini şəxsən təqdim etdi. Mərasimdə nitq söyləyən Heydər Əliyev gənclərə bəslənilən ümidlərdən söz açdı, dövlət müstəqilliyini qorumağın ən ümdə vəzifə olduğunu vurğuladı.

Heydər Əliyevin tələbələrin, şagirdlərin və idmançıların bir qrupuna ilk şəxsiyyət vəsiqələrini təqdimetmə mərasimindəki nitqindən

• Hər bir Azərbaycan vətəndaşı fəxr etməlidir ki, onun müstəqil dövləti var, onun dövləti dünyada tanınıb və öz layiqli yerini tutur, onun dövləti Azərbaycan xalqını, ölkəmizin bütün vətəndaşlarını gələcəyə uğurla aparır.

• Necə ki bu gün mən çox böyük sevinc hissi ilə bu vəsiqələri Azərbaycanın gənc vətəndaşlarına təqdim etdim, eləcə də hər bir bölgədə, rayonda Azərbaycanın dövlət orqanının nümayəndələri, Daxili İşlər Nazirliyinin işçiləri bu vəzifəni şərəflə yerinə yetirməlidirlər. Onlar bilməlidirlər ki, bu mənim üçün – Azərbaycan Prezidenti üçün şərəfli olduğu kimi, bu işi görən hər bir Azərbaycan məmuru üçün də şərəfli olmalıdır.

• Mən dəfələrlə demişəm ki, Azərbaycanın gələcəyi gənclərə məxsusdur. Bunu bu gün də demək istəyirəm. Müstəqil Azərbaycanın atributlarından biri olan şəxsiyyət vəsiqəsinin məhz sizə – gənclərə təqdim olunması onu göstərir ki, həqiqətən, bizim ümidimiz, gələcəyimiz gənclərdir, sizsiniz.

• Dövləti daim müstəqil yaşatmaq üçün, müstəqilliyimizi əbədi etmək üçün heç vaxt arxayınlaşmaq olmaz. Əldə olunan nailiyyətlərlə heç vaxt kifayətlənmək olmaz. Bizim hər addımımız, hər bir irəliləyişimiz bizə daha da çox güc verir. Bizim hamımıza gələcəyin yolunu göstərir. Azərbaycanın Prezidenti kimi, şəxsən mən öz vəzifəmi, öz həyatımı belə təsəvvür edirəm.

• Arzu edirəm ki, siz bizdən də yaxşı işləyəsiniz, Azərbaycanı bizdən də yüksəklərə qaldırasınız. Biz bunun üçün əsas yaradırıq. Deyə bilərəm ki, çox dəyərli əsas yaradırıq. Bunun üçün siz bəlkə də bizim keçdiyimiz bu faciəli yollardan keçməyəcəksiniz. Bəlkə də bizim rastlaşdığımız təhlükələrlə üzləşməyəcəksiniz. Amma eyni zamanda, bilmək lazımdır ki, Azərbaycan bir müstəqil dövlət kimi, daim öz müstəqilliyinin qorunması keşiyində durmalıdır, iqtisadiyyatı daim inkişaf etdirməlidir. Azərbaycan vətəndaşlarının rifah halını yaxşılaşdırmalıdır.

• Azərbaycan vətənpərvərliyi, müstəqil Azərbaycana sədaqət – bunlar hər bir gəncin ümdə vəzifəsidir. Bizim təhsil ocaqlarında – həm orta məktəblərdə, həm ali məktəblərdə – hər yerdə insanları təhsilləndirənlərin hamısı bu yolla getməlidir. Kimsə bizim gənclərimizi bu yoldan sapdırmaq istəyirsə, onların qarşısı alınmalıdır. Gənclər bu barədə cəsarətli, iradəli olmalıdırlar.

  • Paylaş: