Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı orta səviyyədə olub, maksimal sinifli alışma 3376 oblastındakı M 4.5 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində R1 səviyyəli radiosiqnalların kəsilməsi və II-IV tip radioemissiya, həmçinin qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları qeydə alınmışdır. Günəş ləkələrinin sayı artmışdır, 9 ləkə qrupu və 147 ləkə müşahidə olunur. Tac dəlikləri müşahidə olunmur.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli 1205 pfu-ya kimi yüksəlmişdir, 10 MeV-dən çox enerji yüklü proton seli 24-25 iyulda S1, 29-30 iyulda isə S2 səviyyəsinə (max: 154 pfu) qədər yüksəlmiş və radiasiya qasırğaları baş vermişdir.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 587 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 15 nT, radial istiqamətdə isə -13 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 463.7 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 5.22 nT, radial istiqamətdə isə -5.05 nT təşkil edir.
Hesabat dövrü ərzində geomaqnit sahəsinin aktivliyi 25 iyuldan 26 iyula keçən gecə G1 səviyyəsinə kimi yüksəlmiş və qısamüddətli geomaqnit qasırğası baş vermişdir. Hal-hazırda Kp indeksi 1.7-ə bərabərdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində ( 31 iyul - 06 avqust iyul) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir. 28 iyulda baş vermiş Tac Kütlə Atılmalarının şok dalğalarının 31 iyul - 1 avqustda Yerə çatacağı gözlənilir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə yenidən S1 səviyyəsinə qalxacağı proqnozlaşdırılır.
Müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin və Tac Kütlə Atılmalarının təsiri ilə Günəş küləyinin sürətinin artacağı gözlənilir.
Geomaqnit sahəsinin Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə gün ərzində qeyri-sabit olacağı, 28 iyulda baş vermiş Atılmalarının təsiri nəticəsində isə 1-2 avqustda G1-G2 səviyyəli geomaqnit qasırğası gözlənilir. 29-30 iyulda da qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları qeydə alındığından həftə ərzində geomaqnit sahəsinin yenidən aktivləşməsi ehtimalı ola bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.