Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.08.2023 15:36
  • A-
  • A
  • A+

"Horizon Avropa" proqramı üzrə növbəti məlumatlandırma tədbiri keçirilib

"Horizon Avropa" proqramı üzrə növbəti məlumatlandırma tədbiri keçirilib

"Horizon Avropa" Tədqiqat və İnnovasiya Proqramı üzrə növbəti məlumat tədbiri AMEA-nın elmi müəssisələri üçün onlayn formatda təşkil edilib.

Tədbirdə AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva və şöbə müdirinin müavini, yer elmləri üzrə fəlsəfə doktoru Aytən Hüseynova, "Horizon Avropa" proqramının Rəqəmsal, Sənaye və Kosmos klasteri üzrə Milli Əlaqələndirici Şəxs (MƏŞ), AR ETN İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, kompüter elmləri üzrə fəlsəfə doktoru Məmməd Həşimov, Avropa Tədqiqatları Mərkəzi və COST Fəaliyyəti üzrə MƏŞ, AR ETN-in tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov, Mədəniyyət, Yaradıcılıq və İnkluziv cəmiyyət klasteri üzrə MƏŞ, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Əhmədov və həmin klaster üzrə MƏŞ, AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq layihələr sektorunun məsləhətçisi Elmar Rəsulov iştirak ediblər.

E.Əlirzayeva "Horizon Avropa" proqramının geniş imkanlarını iştirakçıların diqqətinə çatdıraraq, proqramın çağırışlarının bütün elmi istiqamətləri əhatrə etdiyini və hər müsabiqə elanında humanitar və ictimai elm sahələri üzrə layihə imkanlarının yarandığını vurğulayıb. Məruzəçi Azərbaycan tədqiqatçıları üçün bu proqramda uğurlu iştirakın təmin edilməsi məqsədilə layihə təkliflərinin hazırlanması üzrə cari ilin sentyabr ayında Avropa Komissiyasının (AK) ekspertlərinin iştirakı ilə təşkil edilməsi nəzərdə tutulan növbəti təlimlər və fərdi məsləhələtlər haqqında məlumat verib, təlimlərdə iştirak üçün müraciət formalarının doldurulması qaydalarını təqdim edib. Bildirib ki, "Horizon Avropa" proqramı üzrə ətraflı məlumat əldə edilməsi və yaranan sualların cavablandırılması üçün Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin üzvlərinə müraciət edilə bilər.

M.Həşimov 2021-2027-ci illər üzrə 95,5 milyard avro büdcəyə malik olan "Horizon Avropa" proqramının əhatə dairəsi, klasterləri, onların istiqamətləri və maliyyə imkanları, gözlənilən nəticələr, proqramda iştirak üçün qaydalar, yeniliklər və perspektivlər üzrə təqdimat edib. Məruzəçi proqram çərçivəsində çağırışların multidissiplinar olduğunu qeyd edib. O, humanitar və ictimai elmlər üzrə çağırışlar, onların məqsəd və vəzifələri, tələblərin müəyyən edilməsi üçün İşçi proqramlar və ya portalda araşdırmaların aparılması üzrə praktiki tövsiyələr təqdim edib, alimlərin və təşkilatların portalda qeydiyyatdan keçməsinin mühümlüyünü diqqətə çatdırıb.

İ.Hümbətov AK-nın digər proqramı olan COST Fəaliyyətinin elmi konsorsiumların yaradılmasında əhəmiyyətini vurğulayaraq, bu proqram çərçivəsində fəaliyyət göstərən layihə iştirakçılarının "Horizon Avropa" proqramı çağırışlarına müraciətinin 39% uğur göstərici nümayiş etdirdiyini qeyd edib. Məruzəçi COST layihələrinə qoşulmaq üçün mövcud yolları, müvafiq layihələrin müəyyənləşdirilməsi və müraciətlərin hazırlanması qaydalarını portal üzərindən nümayiş etdirib. Həmçinin qeyd edilib ki, 2019-cu ildən Azərbaycan mütəxəssislərinin bu proqramda iştirakı üzrə müsbət dinamika müşahidə olunur və hazırda 30-a yaxın layihədə işirak davam etdirilir.

E.Rəsulov humanitar və ictimai elm sahələri üzrə mövcud çağırışların müəyyən edilməsi və seçilmiş çağırışlar haqqında ətraflı məlumatların əldə edilməsi üçün "Horizon Avropa" portalında araşdırılmaların aparılmasını nümayiş etdirib. Məruzəçi mədəni irs üzrə çağırış nümunələri üzərində çağırışın hazırkı statusu, məqsədi, gözlənilən nəticələr, büdcə imkanları, layihələrin hazırlanmasında maraqlı olan təşkilatların müəyyən edilməsini diqqətə çatdırıb, tərəfdaş təşkilatlarla əlaqələrin yaradılması üçün yanaşmaları təqdim edib.

E.Əhmədov Mədəniyyət, Yaradıcılıq və İnkluziv cəmiyyət klasterinın əhatə dairəsi, bu istiqamətdə çağırışların məqsədləri və imkanları haqqında ətraflı məlumat verib. Məruzəçi bu çağırışların bütün prioritet istiqmətləri əhatə etdiyini və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğun olduğunu vurğulayıb. "Horizon Avropa" proqramının yeni çağırışlarının müxtəlif portallar, elmi şəbəkələr və veb saytlar üzərindən müəyyən edilməsi yollarını təqdim edilib. O, bu proqamla yanaşı, AK-nın digər tədqiqat proqramlarından istifadənin də beynəlxalq təcrübənin toplanmasında əhəmiyyətini diqqətə çatdırıb.

A.Hüseynova "Horizon Avropa" portalında qeydiyyatdan keçmiş bir sıra institutlar haqqında məlumat verib, hazırda qeydiyyat üçün yenilənmiş qaydaları iştirakçıların diqqətinə çatdirib.

Tədbirdə layihə təkliflərinin hazırlanması üzrə cari ilin fevral ayında keçirilmiş təlimlərin iştirakçıları AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Şəhla Qurbanova, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Nigar Camalova və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Samirə Dadaşova çıxış edərək təlimlərin əhəmiyyəti və bu istiqamətdə hazırkı fəaliyyətləri haqqında məlumat veriblər.

Məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: